Yuxarı

“Uzbekneftegaz” şirkətinə beynəlxalq bazarlara çıxışı sürətləndirmək tapşırılıb

“Uzbekneftegaz” şirkətinə beynəlxalq bazarlara çıxışı sürətləndirmək tapşırılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkənin “Uzbekneftegaz” şirkətinə beynəlxalq bazarlara çıxış üçün işləri sürətləndirməyi tapşırıb.

“Report” “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyəti sədrinin perspektiv inkişaf və investisiyalar üzrə müavini Baxodir Sidikov bildirib: "Ölkə Prezidentinin sözlərinə görə, "Uzbekneftegaz" şirkətinə xarici ölkələrdə dünyanın aparıcı neft-qaz şirkətləri ilə birgə işə başlamaq üçün unikal imkan yaranıb".

 Ötən gün Özbəkistan prezidenti “Uzbekneftegaz”ın fəaliyyəti və qarşıda duran vəzifələrə dair iclas keçirib.

Şirkətdən bildirilib ki, iclasda 2030-cu ilə qədər neft-qaz sənayesinin inkişafına dair konsepsiyanın hazırlanması, xüsusilə də şirkətin kredit reytinqinin müəyyənləşməsi üçün işlərin sürətləndirilməsi tapşırılıb.

“Uzbekneftegaz”ın İdarə Heyəti sədrinin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Uluqbek Aşurov bildirib ki, 2030-cu il proqramının əsas məsələsi neft-qaz sənayesində maliyyə axınının şəffaflığının təmin edilməsidir. Onun sözlərinə görə, bunun üçün bütün neft-qaz sənayesində beynəlxalq audit aparılacaq.

Şirkətin məlumatına görə, bu il yeni yataqlarda hasilatın başlanması hesabına 63 mlrd. kubmetr qaz və 3 mln. ton neft və kondensat hasil edilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən ilin may ayında SOCAR prezidenti Rövnəq Abdullayevin Özbəkistana səfəri çərçivəsində “Uzbekneftegaz” şirkəti ilə yataqların birgə işlənməsinə dair memorandum imzalanıb.

İyun ayında “Uzbekneftegaz” şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov bildirib ki, rəhbərlik etdiyi şirkət Xəzər dənizinin Azərbaycan sektorunda, şelf zonasında karbohidrogenlərin hasilatında iştirak etməyi planlaşdırır. O qeyd edib ki, SOCAR-la ilə imzalanan strateji saziş “Uzbekneftegaz” üçün şelf zonasındakı layihələrə bir növ giriş bileti olacaq.

A.Sultanov Xəzərin Türkmənistan sektorunda da şelf zonasında geoloji kəşfiyyat işlərinin və gələcəkdə hasilat əməliyyatlarının aparılması məsələsinə baxılması üçün razılıq əldə olunduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi