“İmzalanan Anlaşma Memorandumu Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək”.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.
“Bu gün imzalanan memorandum əməkdaşlığımızı daha da gücləndirəcək. Bu sənəddən üç məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik.
Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.
Nəhayət, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır”, - deyə Ursula fon der Lyayen bildirib.
Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Bakıda imzalayıblar.