​Ukrayna Rusiyadan elektrik enerjisi istəyib

​Ukrayna Rusiyadan elektrik enerjisi istəyib Havaların istiləşməsi ilə kondisionerlərdən kütləvi istifadə etmə enerjiyə tələbatı artırıb
Energetika
27 İyun , 2016 12:54
​Ukrayna Rusiyadan elektrik enerjisi istəyib

Bakı. 27 iyun. REPORT.AZ/ Ukrayna Rusiyadan texniki yardım rejimi çərçivəsində 600 MVt elektrik enerjisi istəyib. 

"Report"un Rusiyanın "Kommersant" nəşrinə istinadən yaydığı məlumata görə, buna səbəb havaların kəskin istiləşməsi ilə kondisionerlərdən kütləvi istifadə edilməsi və nəticədə enerjiyə tələbatın kəskin artmasıdır.

Nəşr yazır ki, hazırda Ukraynada 5,5 GVt gücə malik atom və istilik elektrik stansiyaları təmir edildiyindən, eləcə də Donbasdan yanacaq təchizatının kəsilməsi ilə kömürlə işləyən elektrik stansiyaları fəaliyyətini dayandırdığına görə, artan tələbatı ödəmək mümkün deyil. Bu səbəbdən rəsmi Kiyev bazar qiymətindən 3 dəfə baha olsa belə, Moskvadan enerji almağa qərar verib.

Xatırladaq ki, Ukraynada oxşar vəziyyət ötən ilin iyul ayında yaranmışdır. O zaman Ukrayna Rusiyanın "İnter RAO" şirkəti ilə kommersiya müqaviləsi bağlamışdır. Amma tərəflər bu il həmin müqavilənin müddətini uzatmayıb.

Ukraynaya texniki yardım rejimində hansı müddətdə elektrik enerjisi ötürüləcəyi açıqlanmır. Amma Rusiyanın vahid enerji sisteminin dispetçeri bildirib ki, söhbət çox güman ki, bir neçə günlük yardımdan gedir.

Ukrayna Rusiyadan elektrik enerjisinin idxalını ötən ilin sonunda dayandırıb. Hazırda "Ukrenerqo" şirkəti ölkənin enerjiyə olan tələbatını yerli imkanlar hesabına ödəyir.

Donetskdə yaranmış vəziyyət nəticəsində Ukrayna kömür qıtlığı çəkir. Buna görə də, Rusiyadan müvəqqəti enerji idxalının nə qədər davam edəcəyi məlum deyil. Ötən il "Kommersant"ın apardığı qiymətləndirmə nəticəsində məlum olub ki, Rusiya Ukraynaya texniki yardım rejimi çərçivəsində 1 kVt/saat elektrik enerjisini 0,07-0,08 dollara (11-12 qəpik) satır. Onda Ukrayna "İnter RAO"dan kommersiya müqaviləsi ilə enerji idxalına üstünlük verib.

Bununla belə, Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik bəyan edib ki, ölkəsinin enerji sistemində defisit yoxdur və Rusiyadan elektrik enerjisi idxalına ehtiyac duymurlar. O, bu barədə "Facebook" sosial şəbəkəsindəki profilində yazıb.

Nazirin sözlərinə görə, yay mövsümünün əvvəlində Ukraynada təxminən 2 min MVt-lıq elektik enerjisi çatışmazlığı proqnozlaşdırılsa da, hazırda ölkə 2,2 min MVt artıq enerji istehsal edir.

Son xəbərlər

Orphus sistemi