Ukrayna Cənub Qaz Dəhlizinə maraq göstərir - MÜSAHİBƏ

Ukrayna Cənub Qaz Dəhlizinə maraq göstərir - MÜSAHİBƏ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Ukraynaya ixracatında neft və neft məhsullarının payı böyükdür. Nəticədə həm enerji daşıyıcılarının istehsalçısı olan Azərbaycan, həm də bu məhsullarının istehlakçısı və daşımalarında mühüm tranzit ölkəsi olan Ukrayna bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm yer tutur.
Energetika
101
22 Yanvar , 2020 21:22
Ukrayna Cənub Qaz Dəhlizinə maraq göstərir - MÜSAHİBƏ

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Ukraynaya ixracatında neft və neft məhsullarının payı böyükdür. Nəticədə həm enerji daşıyıcılarının istehsalçısı olan Azərbaycan, həm də bu məhsullarının istehlakçısı və daşımalarında mühüm tranzit ölkəsi olan Ukrayna bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm yer tutur.

Bununla bağlı gələcək əməkdaşlıq istiqamətləri barədə "Report"un suallarını 2019-cu ilin avqust ayında Ukraynada yeni yaradılmış Enerji və Ətraf Mühitin Mühafizəsi Nazirliyi cavablandırıb.

- Uzun illərdir bir çox sahələrdə əməkdaşlıq əlaqələrinə malik Azərbaycan və Ukrayna arasında enerji sahəsində əlaqələrin perspektivlərini necə dəyərləndirərdiniz?

- Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri Ukrayna Enerji və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında hazırlanan anlaşma memorandumu layihəsində öz əksini tapıb. Bununla yanaşı, enerji sahəsindəki əməkdaşlığa dair ikitərəfli işçi qrupunun iclası nəzərdə tutulur. 

Biz xam neft tədarükü ilə bağlı əməkdaşlığın genişlənməsində maraqlıyıq və Azərbaycandan Ukraynaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü məsələsini müzakirə etməyə hazırıq. Əməkdaşlığın perspektiv sahələri arasında habelə neft nəqli və neft emalı infrastrukturuna sərmayə yatırımları, alternativ enerji mənbələrilə bağlı hərraclarda Azərbaycan şirkətlərinin iştirakı da sadalana bilər.

- Ötən ilin sonunda Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi imkanlarının birgə araşdırıla biləcəyi qeyd olunub. Bəs Azərbaycan təbii qazının Avropa bazarına nəqli zamanı Ukraynanın tranzit imkanlarından necə istifadə oluna bilər?

- Ukrayna təbii qaz tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır. Belə ki, Cənub Qaz Dəhlizinə qoşulacağı təqdirdə Ukrayna Azərbaycan qazını layihənin ikinci və üçüncü mərhələsində ala biləcək. Bundan əlavə, neft-kimya məhsullarının tədarükü sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yaxından əməkdaşlıq etmək nəzərdə tutulur.

- Alternativ enerji mənbələrini inkişaf etdirməyə böyük diqqət yetirildiyi Ukraynada bu sahədə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək nəzərdə tutulurmu?

- Bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı hüquqi, iqtisadi, ekoloji, təşkilati məsələlər, bu mənbələrin yanacaq-enerji kompleksində daha geniş istifadəsinin dəstəklənməsi Ukraynanın “Alternativ enerji mənbələri haqqında” qanunu ilə təsbit olunub. Bu qanunda alternativ enerjinin tətbiqinə təkan vermək üçün iki model nəzərdə tutulur. Belə ki, qanunun 93-cü maddəsinə əsasən, 2020-ci ildən alternativ enerji mənbələrindən elektrik enerji istehsalına stimul yaratmaq üçün dəstək kvotalarının bölüşdürülməsinə dair hərraclar keçirmək nəzərdə tutulur. Belə ki, bərpa olunan enerji vasitəsilə istehsal olunan elektrik enerjisinin tam həcmini daimi qiymətə 20 il ərzində satın almaq istəyən təsərrüfat subyektləri həmin elektrik enerjisinin ən aşağı satış qiymətini təklif etməklə hərracın qalibi olmalıdır. Belə hərraclarda aşağıdakı layihələr iştirak edə bilər:

- Külək enerjisi hesabına elektrik enerjisi istehsal edən (gücündən asılı olmayaraq üç külək turbini olan qurğular istisna olmaq şərtilə) 5 MVt-dan artıq gücə malik qurğular;

- Günəş enerjisi hesabına elektrik enerjisi istehsal edən 1 MVt-dan artıq gücü olan qurğular.

Başqa alternativ mənbələr hesabına elektrik enerji istehsal etmək niyyətində olan təsərrüfat subyektləri də könüllü surətdə adıçəkilən hərraclarda iştirak edə bilər. Bununla belə qanunun 91-ci maddəsinə əsasən kiçik gücə malik (1 MVt-dək günəş və 5 MVt-dək külək enerjisilə çalışan) elektrik enerjisi istehsal edən qurğular, habelə istehlakçılara, o cümlədən fərdi təsərrüfatlara məxsus elektrik qurğular üçün “yaşıl” tariflərə dair mövcud dəstək sistemini bundan sonra da saxlamaq nəzərdə tutulur.

Ukrayna Energetika və Ətraf Mühiti Mühafizə Nazirliyi gələcək hərrac sisteminin səmərəli, şəffaf olmasına, rəqabətə şərait yaratmasına, enerji sisteminin texniki imkanlarına uyğun gəlməsinə maraqlıdır. Hazırda hərracların keçirilməsi üçün proqram təminatı hazırlamaq da daxil olmaqla zəruri təşkilatlanma və texniki tədbirlər görülür, müvafiq normativ-hüquqi sənədlər hazırlanıb. İlk hərracları cari ilin aprelin 1-dək keçirmək nəzərdə tutulur. Belə hərracların elektrik enerjisi istehlakçıları, bərpa edilən enerji mənbələri hesabına elektrik enerjisi istehsalçıları, dövlət qurumları və icra hakimiyyəti orqanları üçün müsbət dəyişikliklər gətirəcəyi gözlənilir. O cümlədən: 

- Alternativ mənbələr hesabına istehsal edilən elektrik enerjisinin sabit “yaşıl” tarifə nisbətən daha ucuz olması

- Bütövlükdə elektroenergetika kompleksi inkişaf etdikcə bərpa olunan enerji hesabına çalışan texnologiya və istehsal güclərinin tətbiqinin razılaşdırılması ki, Ukrayna elektroenergetika sisteminin tarazlıq dayanıqlığını, əməliyyat təhlükəsizliyini, qənaətcilliyini təmin edəcək

- İnfrastrukturun inkişafına əlavə sərmayələrin cəlb olunması, yerli büdcələrin gəlirlərinin artması

- Bərpa edilən enerji mənbələrinin istismarının davamlı artması üçün əlverişli şəraitin yaradılması. Belə ki, sərmayəçilər orta perspektiv üçün keçiriləcək hərracların cədvəli və kvotalarına dair məlumat, hərrac qalibləri isə növbəti 20 il ərzində zəmanətli dəstək alacaqlar.

Yuxarıda sadalananlar nəzərə alınmaqla gələcək hərraclarda Azərbaycan şirkətlərinin də iştirak etməsi Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlığın səmərəli istiqaməti ola bilər.

Azərbaycanda 2012-ci ildən AzGunTex günəş panelləri istehsalı müəssisəsinin fəaliyyət göstərdiyi nəzərə alınsa, Ukraynada bərpa edilən enerji mənbələrinin istifadəsilə bağlı avadanlıq istehsalı üçün sənaye müəssisələrinin yaradılması məqsədəuyğundur. Həm də Ukrayna Nazirlər Kabineti ötən ilin iyul ayında Energetika və Ətraf Mühiti Mühafizə Nazirliyi tərəfindən elektrik enerjisi istehsal edən müəssisələrin tikintisinə dair müsabiqə keçirilməsi qaydalarının hazırlanması haqqında qərar verilmişdi. Bundan əlavə yaxın vaxtlarda elektrik stansiyalarında elektrik enerjisi toplama qurğularının quraşdırılmasını təşviq edən qanunun də qəbul olunacağı gözlənilir.

Bütün bunlara görə Ukrayna elektrik enerjisi istehsalı, elektrik enerjisinə tələbatın idarəolunması, elektrik enerjisi toplama qurğuları yaradılması kimi sahələrə sərmayə və texnologiyaların cəlb olunmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi