Yuxarı
    Bağlamaq

    Türkiyəli nazir: "TANAP kəməri planlaşdırılan vaxtdan əvvəl tamamlanacaq"

    Boru kəmərinin 1 261 borusu artıq yerləşdirilib© AA/ Mehmet Acar — Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak

    Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) nəzərdə tutulan vaxtdan öncə tamamlanacaq."

    “Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak “Anadolu” agentliyinə bildirib: “Həqiqətən də boru kəməri üzrə işlər çox sürətlə davam edir. İnşallah, bu planla davam edərsə, kəmər planlaşdırılandan daha tez tamamlanacaq”.

    B.Albayrak TANAP-ın dənizaltı keçid (Dardanel boğazı, Mərmərə dənizi) işlərinin həyata keçirildiyi gəmiyə baş çəkərək boruların döşənməsini izləyib, rəsmilərdən məlumat alıb.

    Nazir boru kəmərinin Mərmərə dənizinin dibi ilə keçən hissəsinin boru kəməri üçün önəmli rolu olduğunu vurğulayıb: “Bu layihənin hər mərhələsində biz Türkiyə olaraq çox böyük güc sərf etdik. Bu gün 1261-ci borunun yerləşdirilmə işlərini izlədik. Bu rəqəm həqiqətən də önəmli rəqəmdir”.

    Qeyd edək ki, sentyabrın sonunda TANAP-ın Mərmərə dənizindən keçən hissəsinin inşasına başlanıb. Boruların dənizin dibinə döşənməsi üçün Panamadan uzunluğu 153 metr olan xüsusi gəmi də cəlb olunub.

    "Sapurakencana 1200" adlanan və çəkisi 32 504 ton olan gəmi Çanaqqala bölgəsinin Biqa qəsəbəsinin Kəmər kəndi ərazisində quruda boruların düzülməsinə başlayıb.

    Kəmərin 19 km uzunluğundakı sualtı hissəsi 36 düymlük iki xətdən ibarətdir.

    Boru kəmərinin dəniz keçidində suyun maksimal dərinliyi 65 metrdir. Bu hissə üçün 3 100 ədəd polad boru istifadə olunur.

    B.Albayrak həmçinin qeyd edib ki, layihənin 80%-dən çox hissəsi tamamlanıb. Nazir bildirib ki, gələn il TANAP (Əskişəhərə qədər olan hissə), 2020-ci ilin I rübündə isə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi tamamlanacaq və Azərbaycan qazı Avropa bazarlarına çıxarılacaq: “Türkiyə olaraq hər zamankından daha çox çalışmağa davam edəcəyik”.

    Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

    2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi