Nazir: "Türkiyədə 10 ildə 4 yeraltı qaz anbarı istifadəyə veriləcək"

Nazir: "Türkiyədə 10 ildə 4 yeraltı qaz anbarı istifadəyə veriləcək" 2021-ci ildə isə 1 LNG saxlama terminalı fəaliyyətə başlayacaq
Energetika
14 may 2016 10:00
Nazir: Türkiyədə 10 ildə 4 yeraltı qaz anbarı istifadəyə veriləcək

Bakı. 14 may. REPORT.AZ/ Türkiyədə 10 il ərzində 4 yeraltı qaz anbarı və 1 mayeləşdirilmiş təbii qaz (LNG) saxlama terminalı istifadəyə veriləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

B.Albayrak Türkiyədə fəal vəziyyətdə olan yeraltı qaz anbarının TPAO şirkətinə məxsus olduğunu xatırladıb.

Nazir qeyd edib ki, BOTAŞ şirkətinə məxsus Duz Gölü ərazisində inşası aparılan yeraltı qaz anbarının birinci mərhələsi 2017-ci ildə, ikinci hissəsi isə 2020-ci ildə tamamlanacaq: "Birinci mərhələdə anbarın tutumu 500 mln. kubmetr, ikinci mərhələdə isə 1 mlrd. kubmetr nəzərdə tutulur. Layihənin birinci mərhələsi ilə gündə 20 mln. kubmetr, ikinci mərhələsi ilə isə gündə 40 mln. kubmetr təbii qaz ölkənin qaz sistemlərinə ötürüləcək".

B.Albayrak Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) tərəfindən bundan əlavə 3 yeraltı qaz anbarının və bir LNG saxlama terminalının tikintisi üçün lisenziya verildiyini bildirib. Onun sözlərinə görə, LNG saxlama terminalı 2021-ci ildə, yeraltı qaz anbarlarından ikisi 2022-ci ildə, biri isə 2025-ci ildə istifadəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi