“Türkiyə Qara dənizin cənub-şərq şelfinin hesabına neft və təbii qaz kəşfiyyatı sahələrini genişləndirmək niyyətindədir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“2023-cü ilin sonuna qədər həm Ordu vilayətinin şelfində, həm də Rizədəki şelfdə kəşfiyyat qazma işləri aparacağıq. Orduda təbii qaz, Rizədə neft tapmağı gözləyirik”, - nazir vurğulayıb.
F.Dönməz Türkiyənin cənub-şərqində tapılan neftin yüksək keyfiyyətli olduğunu bildirib: “Esma-Çevik” yatağından hasil edilən neft “Brent” markalı neft kimi həddən artıq yüksək keyfiyyətə malikdir. Keçən il həmin yataqda hasilatımız sutkada 80 min barel təşkil edib və bu göstəricini 100 min barelə çatdıracağıq”.
Onun sözlərinə görə, yaxın gələcəkdə daha onlarla quyunun kəşfi və ümumi neft hasilatının sutkada 200 min barrelə çatdırılması planlaşdırılır: “Bu da daxili istehlakın 22 %-ni təmin edəcək”.
Nazir qeyd edib ki, dağlıq ərazilərdə qazma işləri kifayət qədər çətindir, bu, mürəkkəb və bahalı infrastrukturun hazırlanmasını tələb edir.