Teymur Abdullayev: "Cəbrayıl” Qovşaq Yarımstansiyası beynəlxalq əhəmiyyətli layihədir"

Teymur Abdullayev: "Cəbrayıl” Qovşaq Yarımstansiyası beynəlxalq əhəmiyyətli layihədir" "Ötən il mayın 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş 330/110 kV-luq “Cəbrayıl” Qovşaq Yarımstansiyasının bu il mayın 4-də açılışı oldu. Bu, beynəlxalq əhəmiyyətli layihədir".
Energetika
6 may 2023 08:41
Teymur Abdullayev: Cəbrayıl” Qovşaq Yarımstansiyası beynəlxalq əhəmiyyətli layihədir

"Ötən il mayın 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş 330/110 kV-luq “Cəbrayıl” Qovşaq Yarımstansiyasının bu il mayın 4-də açılışı oldu. Bu, beynəlxalq əhəmiyyətli layihədir".

"Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib.

"Yarımstansiya Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya elektrik enerjisi ixracının reallaşdırılması ilə bağlı layihənin bir hissəsidir. Həmçinin Ağcabədi yarımstansiyasından ikidövrəli olmaqla 132 km məsafədə 330-kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti çəkilib. Artıq layihənin 1-ci mərhələsi yekunlaşır. Eyni zamanda Ağcabədi yarımstansiyası da yenidən qurulub və paralel olaraq Qubadlıya 12 km uzunluğunda 110 KV-luq ikidövrəli xətt çəkilib. Bu isə işğaldan azad edilmiş Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Kəlbəcərdə də dairəvi elektrik təchizatının dayanıqlılığını artırmaq, selektiv paylanmanı təmin etməkdir", - deyə o qeyd edib.

"İşğaldan azad edilmiş rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyalar sellektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 110 kilovoltluq ötürmə xətti çəkilib. Qarabağ və Şərqi Zəngəzur regionunu yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu rayonların dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, həyata keçirilən meqa layihələrin tələbatını qarşılamaq, günəş və digər bərpa olunan enerji mənbələrində, "Xudafərin" və "Qız Qalası" elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji”nin tikdiyi 25 su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün Cəbrayıl Enerji Qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir", - deyə mətbuat katibi əlavə edib.

"Digər tərəfdən Naxçıvan MR-nı Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, Cəbrayıl - Naxçıvan - Türkiyə, ordan isə qardaş ölkənin enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır. Üç mərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün Cəbrayıl Enerji Qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Burada həmçinin personal üçün yataq, mətbəx şəraiti yaradılıb. “Cəbrayıl” Enerji Qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq iri miqyaslı ağacəkmə və bağsalma aksiyası keçirilib, 16 hektar ərazidə 15 min ədəd xurma və zeytun ağacı əkilib. Xüsusi damlama sistemi qurulub, artezian vurulub, 5000 kubmetr su hovuzu və su nasos stansiyası tikilib”, - deyə T.Abdullayev fikrini tamamlayıb.

Xatırladaq ki, “Azərenerji” bu günə kimi işğaldan azad edilmiş ərazilərdə 37 enerji obyekti - 12 yarımstansiya, 25 su elektrik stansiyası tikib və tikməkdədir. Bu enerji obyektlərində 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq məhz öz rayonunda daimi işlə təmin edilib.

Son xəbərlər

Orphus sistemi