​Texas nefti tezliklə bahalaşacaq

​Texas nefti tezliklə bahalaşacaq Nəticədə WTI neftinin "Brent"in qiymətini 10 dollar üstələcəyi gözlənilir
Energetika
18 Noyabr , 2015 16:55
​Texas nefti tezliklə bahalaşacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ WTI (Texas) markalı neftin 1 barelinin artıq 2016-cı ildə "Brent"dən 10 dollara yaxın baha satılacağı proqnozlaşdırılır. "Report"un analitik qrupu hesab edir ki, ABŞ-da şist neft hasilatının azalması bu qitədə qiymətləri artıracaq.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Cənub-Şərqi Asiyanın anbarlarında neft ehtiyatları 50 mln. bareli keçib. Neft dilerləri satış üçün qiymətlərin 8 dollar artmasını gözləyir. Anbarlardakı neft ehtiyatlarının bolluğu isə qiymətlərin yüksəlməsinə mane olur. Belə ki, 2010-cu ildə ehtiyatlar 10 mln. barel təşkil edib. 

Hazırda "Brent" markalı neftin satıldığı Avropa və Asiya bazarlarında neft ixrac edən ölkələr arasında qızğın mübarizə gedir. Səudiyyə Ərəbistanı Avropa bazarına daxil olub və dempinq siyasəti yeridərək Rusiyanın bazar payını azaltmağa çalışır. Gələn ildən isə İranın da neftin hasilat və ixracını artırması ilə Avropa bazarında rəqabət daha da dərinləşəcək. Artıq İran bazar payını geri qaytarmaq üçün böyük endirimlər edəcəyini bildirir. Çin tərəfindən tələbatın azalması ilə yanaşı, "Brent"in qiymətinin 25-30 dollar/barelə qədər enəcəyi gözlənilir.

ABŞ-da isə şist neft istehsalçılarının quyularının sayı azalmaqda davam edir. Keçən həftə quyuların sayı 4 ədəd azalaraq 574-ə enib. Ötən il quyuların sayı 1 900-ə yaxın olub. Qeyd edək ki, ABŞ-da gündəlik neft hasilatı 9 mln. barel səviyyəsində qalıb.

Tələb və təklif əsasında formalaşan qiymətlər 2016-cı ildə Texas neftinin bahalaşmasına və "Brent" qiymətinin azalmasına gətirib çıxaracaq. İranın hasilatı artırması ilə isə bu fərqin WTI-nin xeyrinə 10 dollara qədər artması proqnozlaşdırılır.