Bakı. 1 dekabr. REPORT.AZ/ "Tesla" şirkəti dünyanın ən böyük litium-ion batareyasını işə salaraq Avstraliyanın energetika sisteminə birləşdirib.
"Report" xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Agentlikdən verilən məlumatda bildirilib ki, batareyanın gücü 129 MVt təşkil edir. Batareyanın 30 min binanı eletrik enerjisi ilə təmin etmək gücündə olduğu bildirilir.
Xatırladaq ki, "Tesla" şirkətinin rəhbəri və qurucusu İlon Mask 2017-ci ilin mart ayında Cənubi Avstraliyanın elektrik enerjisi problemlərini həll etməyi vəd edərək 100 gün ərzində 100 MVt-lıq batareya quracağını bildirib. Vədin müddəti dekabr ayının 1-də bitib və batareya vaxtından əvvəl təhvil verilərək işə salınıb.
Qeyd edək ki, Cənubi Avstraliya 2016-cı ilin sentyabr ayında qasırğa nəticəsində elektrik enerjisi problemləri ilə üzləşib. Bununla yanaşı, 2017-ci ilin mart ayında ölkənin kömürlə çalışan ən iri istilik elektrik stansiyası fəaliyyətini dayandırıb.