Bakı. 9 dekabr. REPORT.AZ/ SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində dekabrın 7-dən 9-dək “Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyevin iştirakı ilə İSO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi) Standartları üzrə Daxili Auditor kursu təşkil edilib.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, kursda SOCAR-ın müəssisələrində İSO standartlarına cavabdeh 16 mütəxəssis iştirak edib. Təlim kursunun məqsədi şirkətdaxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin qurulması, idarəetmənin planlaşdırılması və tətbiq edilməsi üçün iştirakçıları maarifləndirməkdən ibarətdir. Təlim kursunun proqramı IRCA (International Register of Certificated Auditors) Sertifikatlı daxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin təlimlərinə uyğun qaydalar nəzərə alınmaqla hazırlanıb. Təlim zamanı mövzuların daha yaxşı mənimsənilməsi üçün dinləyicilərə qrup şəklində tapşırıqlar verilib.
Sonda biliklərin yoxlanılması üçün imtahan keçiriləcək və imtahandan uğurla keçən dinləyicilər “Büro Veritas” şirkətinin sertifikatları ilə təltif olunacaqlar.