Tbilisidə Regional Enerji Sammiti keçirilib

Tbilisidə Regional Enerji Sammiti keçirilib Gürcüstan baş nazirinin müavini: "Biz enerji sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik"
Energetika
25 May , 2017 14:14
Tbilisidə Regional Enerji Sammiti keçirilib
Report.az

Tbilisi. 25 may. REPORT.AZ/ "Cənubi Qafqaz regionunda həyata keçirilən irimiqyaslı enerji layihələri təkcə bu region üçün deyil, bütövlükdə Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edir."

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikir mayın 25-də Tbilisidə keçirilən Regional Enerji Sammitində səslənib.

Sammitdə əsasən elektrik enerjisindən istifadə, bu sahəyə sərmayə qoyuluşu imkanlarının artırılması, alternativ enerjidən istifadə, Cənubi Qafqaz regionunda həyata keçirilən irimiqyaslı enerji layihələri və s. məsələlər müzakirə olunub.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze tədbiri açdıqdan sonra ölkəsinin enerji siyasəti, həyata keçirilən layihələr, regional əməkdaşlıq, region dövlətləri ilə enerji mübadiləsi və s məsələlərdən danışıb. Bildirib ki, Gürcüstan alternativ enerji mənbələrindən istifadə, yeni kiçik həcmli su elektrik stansiyalarının tikintisi istiqamətində mühüm addımlar atır. Bu gün Gürcüstandan keçən enerji layihələri Avropanın enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

O, enerji sahəsində region dövlətləri, xüsusən də Azərbaycan ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

Sonra ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli, Avropa İttifaqının nümayəndəsi Vincent Rey çıxış edərək enerji sahəsində əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Fatih Dönməz də çıxışında ölkəsinin enerji sahəsində gördüyü işlərdən danışıb. Türkiyənin region dövlətləri, xüsusən də Azərbaycan və Gürcüstan ilə enerji sahəsində çox səmərəli əməkdaşlıq etdiyini və bu əməkdaşlığın dünya üçün əhəmiyyətli olduğunu vurğulayan F.Dönməz deyib: “Bilirsiniz ki, enerji olmadan nə iqtisadiyyatı, nə də digər sahələri inkişaf etdirmək mümkün deyil. Bu gün xəyallardan reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzrum neft və qaz kəmərləri bizim əvvəllər mövcud olmuş problemlərimizi kökündən həll etdi. Yaxın vaxtlarda bu layihələrin daha da genişlənməsi, TANAP-ın fəaliyyətə başlaması sayəsində biz daha böyük uğurlar qazanacağıq”.

Nazir müavini Türkiyədə alternativ enerji mənbələrindən istifadə, sərmayə imkanları, türk iş adamlarının xarici ölkələrdə enerji hasilatına qoyduqları investisiyalar barədə ətraflı məlumat verib.

Sonra sammit işini bölmələrdə davam etdirib.

Son xəbərlər

Orphus sistemi