Yuxarı
    Bağlamaq

    Tbilisidə “Cənubi Qafqaz enerji sammiti” keçirilir

    Dinlə
    © Report

    Tbilisi. 25 may. REPORT.AZ/ “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik regionda vahid enerji bazarının yaranması və əməkdaşlığın genişlənməsi üçün vacibdir. Cənubi Qafqazda sabitlik Avropanın təhlükəsizliyində mühüm rol oynayacaq”.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Tbilisidə keçirilən “Cənubi Qafqaz enerji sammiti”ndə səslənib.

    Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun da iştirak etdiyi tədbirdə Cənubi Qafqazda enerji sahəsində əlaqələrin inkişafı, bu sahədə infrastruktur layihələri, iki və üçtərəfli əməkdaşlıq, vahid enerji bazarının yaranması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji təminatında davamlılığın təmin olunması məsələləri müzakirə olunub.

    Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili konfransda çıxış edərək ölkəsinin enerji ehtiyatları, Azərbaycan və Türkiyə ilə birgə həyata keçirilən iri miqyaslı enerji və infrastruktur layihələri barədə danışıb. Nazir bildirib ki, sammitdə müzakirə olunan texniki, normativ-hüquqi və digər məsələlər Cənubi Qafqaz ölkələrinin və digər qonşu dövlətlərin enerji təminatında və təhlükəsizliyində mühüm rol oynayır. Avropa İttifaqının Cənubi Qafqaz regionuna diqqətinin artdığını vurğulayan nazir deyib ki, Gürcüstan regionda enerji bazarının yaranması və inkişafında maraqlıdır. O, ölkəsinin investisiya imkanları və investorlara yaradılan əlverişli şərait barədə də ətraflı məlumat verib.

    Natiq Abbasov isə sammitdə çıxış edərək regionda və dünyada gedən proseslərə toxunub, enerji resurslarından səmərəli istifadə, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınması ilə bağlı görülən işlər barədə məlumat verib. O, Azərbaycan neftinin Qara və Aralıq dənizləri vasitəsilə dünya bazarlarına nəqlində Bakı-Supsa, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzrum neft qaz kəmərlərinin əhəmiyyətindən danışıb, Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığı barədə ətraflı məlumat verib, bu əməkdaşlıq sahəsində Şərq-Qərb enerji dəhlizinin yarandığını diqqətə çatdırıb.

    Nazir müavinin sözlərinə görə, göründüyü kimi, Azərbaycan enerji sahəsində əməkdaşlıqda və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Amma regionda mövcud olan bir sıra problemlər, o cümlədən Azərbaycan ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi əməkdaşlığa ciddi maneə yaradır: "Ermənistanın təcavüzkar siyasətinin davam etməsi Avropanın özü üçün də ciddi təhlükə mənbəyidir. Enerji təhlükəsizliyi və davamlı enerji təminatında, bu sahədə səmərəli əməkdaşlıqda maraqlı olan dövlətlər buna görə də Ermənistana qarşı təzyiqləri artırmalıdır".

    Çıxışlarda regionda mövcud olan münaqişələrin həllinin vacibliyini vurğulanıb, bunun enerji təhlükəsizliyində də mühüm rol oynayacağı qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi