TAP Yunanıstanın Sere şəhərində mərkəzi küçənin yenidənqurulmasını maliyyələşdirir

TAP Yunanıstanın Sere şəhərində mərkəzi küçənin yenidənqurulmasını maliyyələşdirir Bu gün tikinti işlərinə başlanılıb
Energetika
29 Avqust , 2017 18:23
TAP Yunanıstanın Sere şəhərində mərkəzi küçənin yenidənqurulmasını maliyyələşdirir

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Trans-Adriatik Boru Kəməri "TAP-AG" şirkətinin maliyyələşdirdiyi Yunanıstanın Sere şəhərinin mərkəzi meydanındakı Dorilau küçəsinin yenidənqurulması üzrə tikinti işlərinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə “TAP-AG” məlumat yayıb.

Bu təşəbbüs TAP tərəfindən boru kəmərinin keçdiyi Şimali Yunanıstandakı 3 regionda könüllü həyata keçirilən ümumi dəyəri 32 mln. avroluq Sosial və Ətraf Mühit İnvestisiyalarının bir hissəsi olan “Yerli İnfrastrukturun İnkişaf etdirilməsi üçün yenidənqurma layihələri” proqramına daxildir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi