​TAP üçün ilk kürə klapanlar Yunanıstan və Albaniyaya çatdırılıb

​TAP üçün ilk kürə klapanlar Yunanıstan və Albaniyaya çatdırılıb Hər klapanın çəkisi təqribən 20 ton təşkil edir
Energetika
3 Avqust , 2016 20:19
​TAP üçün ilk kürə klapanlar Yunanıstan və Albaniyaya çatdırılıb

Bakı. 3 avqust. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) üçün ilk böyük diametrli kürə klapanlar Yunanıstan və Albaniyaya çatdırılıb.

"Report" TAP-ın saytına istinadən xəbər verir ki, hər klapanın çəkisi təqribən 20 ton təşkil edir. TAP üçün 48 və 36 diametrlik 55 klapan quraşdırılacaq. Kürə klapanlar Almaniyanın cənub-qərbində yerləşən Kehl şəhərindən TAP-ın Yunanıstan və Albaniyadakı əsas saxlama ərazilərinə gətirilib. Burada onlar qrafikə uyğun olaraq quraşdırılanadək saxlanılacaq.

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir və bunun 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. TAP-ın səhmdarları rolunda BP (20%),SOCAR(20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi