Yuxarı

TAP müstəqil nəqletmə operatoru kimi serfikatlaşdırılıb

Sertifikatlaşdırma barədə yekun qərar Avropa Komissiyası və Enerji İcması Katibliyinin mövqeyi nəzərə alınmaqla qəbul edilib

Bakı. 29 aprel. REPORT.AZ/ Albaniyanın (ERE), Yunanıstanın (RAE), İtaliyanın (AEEGSI) milli tənzimləyici qurumları Trans-Adriatik Boru Kəmərini (TAP) müstəqil nəqletmə operatoru (İTO) kimi Avropa İttifaqının üçüncü enerji paketinin hissəsi olaraq sertifikatlaşdırıb.

"Report"un "TAP-AG"yə istinadən verdiyi xəbərə görə, sertifikatlaşdırma barədə yekun qərar Avropa Komissiyası və Enerji İcması Katibliyinin 2016-cı ilin əvvəlindəki mövqeyi diqqətə alınaraq qəbul edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (-820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi