Yuxarı

TAP konsorsiumu 3,9 mlrd. avro ilə maliyyələşməni yekunlaşdırıb - ƏLAVƏ OLUNUB

​TAP konsorsiumu 3,9 mlrd. avro ilə maliyyələşməni yekunlaşdırıb

İlk xəbər saat 14:51-də verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün 3,9 mlrd. avro təmin olunmaqla 2018-ci ilin dekabr ayında maliyyələşmə yekunlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

Maliyyələşmə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EİB) ilə yanaşı, 17 kommersiya bankından ibarət qrup tərəfindən təmin edilib. Vəsaitin bir hissəsi “bpifrance”, “Euler Hermes” və “Sace” kimi ixrac kredit agentliklərindən cəlb edillib.

TAP-ın icraçı direktoru Luka Şipati bildirib ki, maliyyələşmənin yekunlaşmasına nail olmaqla TAP layihəsinin icrasında növbəti mərhələyə addım atılıb. O bildirib ki, TAP beynəlxalq maliyyə institutlarının tələb etdiyi ətraf mühit və sosial standratları könüllü yerinə yetirir: “İndi maliyyələşmə məsələsinin yekunlaşması ilə TAP layihəsinin icrasının başa çatması və 2020-ci ildə “Şahdəniz 2” qazının nəqli üçün işlər görülür”. 

***

Layihə üçün 3,765 mlrd. avro vəsait cəlb edilib.

Bu məbləğin 700 mln. avrosu Avropa İttifaqının zəmanəti ilə EİB tərəfindən, 1 mlrd. avrosu EBRD tərəfindən (500 mln. avro birbaşa kredit, 500 mln. avro kommersiya bankları ilə) təmin edilib.

İxrac kredit agentlikləri TAP üçün 1,430 mlrd. avro ayırıb. Belə ki, “bpifrance” 450 mln. avro, “Euler Hermes” 280 mln. avro, “Sace” 700 mln. avro təmin edib.

Layihə üçün cəlb edilən vəsaitin 635 mln. avro hissəsi birbaşa kommersiya bankları tərəfindən ayrılıb.

TAP-ın xərcləri əvvəlcə səhmdarlar tərəfindən (BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%)) qarşılanıb.

TAP-ın maliyyə məsləhətçisi rolunda “Societe Generale”, hüquqi məsləhətçisi rolunda isə “Allen & Overy” çıxış edib. Kreditorların məsləhətçisi isə “Clifford Chance” olub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi