Yuxarı

TAP kəmərinin kompressorlarını "Siemens" şirkəti təmin edəcək

Kompressorların yarısı Yunanıstanda, qalanı isə Albaniyada quraşdırılacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərini (TAP) turboqaz kompressorları ilə Almaniyanın "Siemens" şirkəti təchiz edəcək.

"Report"un boru kəmərinin işlənməsi ilə məşğul olan "TAP AG" konsorsiumuna istinadən verdiyi xəbərə görə, bununla bağlı hər iki şirkət arasında müqavilə imzalanıb.

Məlumata görə, 6 qaz kompressorundan yarısı TAP-ın Yunanıstanın Kipoi ərazisi yaxınlığındakı kompressor stansiyasında, yarısı isə Albaniyanın Fier ərazisi yaxınlığındakı stansiyada quraşdırılacaq.

Qeyd edək ki, TAP boru kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil olunacaq təbii qazın Avropaya ixracı üçün nəzərdə tutulub. 870 km uzunluğunda boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək Cənubi İtaliyaya qədər uzanacaq. İlk qazın Avropaya 2020-ci ildə çatdırılması nəzərdə tutulur və ilkin olaraq Avropaya ildə 10 mlrd. kubmetr qaz nəql olunacaq.

TAP-ın səhmdarları qismində BP (20%), SOCAR (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%), “Axpo” (5%) şirkətləri çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi