TAP kəməri üçün kompressor stansiyalarını inşa edəcək şirkətlər müəyyənləşib

TAP kəməri üçün kompressor stansiyalarını inşa edəcək şirkətlər müəyyənləşib Kompressor stansiyalarının inşasına bu ilin ikinci yarısında başlanması nəzərdə tutulur
Energetika
4 May , 2016 16:16
TAP kəməri üçün kompressor stansiyalarını inşa edəcək şirkətlər müəyyənləşib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql etmək üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) üzrə elan olunan tenderin qalibi müəyyənləşib.

"TAP-AG"dən "Report"a verilən məlumata görə, müsabiqədə "Renco S.p.A" (İtaliya) və "Terna S.A" (Yunanıstan) şirkətlərinin alyansı qalib seçilib.

Müqavilə Yunanıstanda, Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində bir kompressor stansiyasının mühəndislik, təchizat, tikinti və istifadəyə verilməsini əhatə edir, Albaniyada isə Fierdə bir kompressor stansiyasının və Bilişti bir ölçü stansiyasının mühəndislik, təchizat, tikiniti və istismara verilməsi işlərini nəzərdə tutur. Ölçü stansiyası Yunanıstan hissəsindən gələn qazın ölçülməsi üçün nəzərdə tutulur.

Kompressor stansiyalarının inşasına bu ilin ikinci yarısında başlanması nəzərdə tutulur və işlər təxminən 2 il ərzində tamamlanacaq.

TAP-ın icraçı direktoru Yan Bredşou EPC podratçılarını təbrik edib və tenderdə iştirak edən digər şirkətlərə təşəkkür edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (-820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi