Yuxarı
    Bağlamaq

    TAP-ın Yunanıstan hissəsində 3 mindən çox işçi çalışır

    Boru kəmərinin 250 km-i qaynaqlanıb

    Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsində tikinti işləri qrafik və büdcəyə uyğun irəliləyir.

    “Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, boru kəmərinin Yunanıstan hissəsində hazırda 3 mindən çox işçi çalışır. 

    Mayın sonuna TAP-ın podratçıları boru kəmərinin Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun 66%-dən çoxunu qəbul edib. Bu tarixə TAP-ın Yunanıstan hissəsindəki marşrutunun 300 km-i təmizlənib və dərəcələndirilib, boru kəmərinin 272 km-i düzülüb, 250 km-i qaynaqlanıb. Eyni zamanda, boru kəməri marşrutunun 196 km hissəsində xəndək açılıb, boruların 172 km-i xəndəyə endirilib, 151 km-i doldurulub, 64,5 km torpaq bərpa olunub.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

    TAP-ın səhmdarları rolunda BP (20%),SOCAR(20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi