Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro olacaq.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Yan Bredşou bildirib.
O qeyd edib ki, əvvəllər müəyyən olmayan sazişlərin qiymətinə görə, dəqiq rəqəm qeyd olunmurdu: “Amma artıq deyə bilərik. Ötən ilin dekabr ayında imzalanan SCADA sistemi üzrə sazişlə layihənin dəyəri dəqiqləşib.TAP-ın dəyəri 4,5 mlrd. avro olacaq. Buraya 2009-cu ildən davam etdirilən layihələndirmə və mühəndislik işlər də daxil edilib”, - deyə o məlumat verib.
Qeyd edək ki, əvvəl layihənin ümumi dəyəri təxminən 6,2 mlrd. avro həcmində qiymətləndirilirdi.
Y.Bredşou qeyd edib ki, layihənin tikintisi planlaşdırıldığı kimi və qrafikə uyğun olaraq davam etdirilir. Onun sözlərinə görə, bu ilin I rübündə kompressor stansiyalarının inşasına başlanılacaq:“Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qaz nəqlini isə bir il sonra, 2020-ci ilin əvvəlində planlaşdırır. TAP Avropa üçün strateji layihədir. Bu layihə xüsusilə də Cənub-Şərqi Avropada təbii qaz mənbələrinin şaxələndirilməsi baxımından önəmlidir”.
TAP-ın icraçı direktoru layihənin dəniz hissəsinin 2018-2019-cu illərdə həyata keçiriləcəyini bildirib.
O, layihənin maliyyələşməsindən də danışaraq qeyd edib ki, Avropa Yenidənquma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EİB) ilə yanaşı bir sıra ölkələrin ixrac kredit zəmanət təşkilatlarından da mal və xidmət tədarükü ilə bağlı maliyyə axını gözlənilir. Artıq bu il ərzində TAP-ın maliyyələşmə cədvəli dəqiqləşdiriləcək.
TAP-ın baş direktoru layihə çərçivəsində 8 mln. iş saatından çox çalışıldığını bildirib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.