Yuxarı
    Bağlamaq

    TAP-ın Albaniya hissəsində indiyədək 52 km boru qaynaqlanıb

    Boru kəmərinin Albaniyadakı marşrutu boyunca 72 km hissə təmizlənib, 62 km-dən çox boru düzülüb

    Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya hissəsində tikinti işlərinə başlanandan ötən 5 ay müddətində 52 km hissədə borular qaynaqlanıb.

    “Report” TAP-a istinadən xəbər verir ki, bunu TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrik Andres bir neçə ölkənin səfirləri və diplomatik nümayəndələrinin boru kəmərinin Albaniyanın Berat regionundakı tikinti sahəsinə səfəri zamanı bildirib.

    Onun sözlərinə görə, indiyədək boru kəmərinin Albaniyadakı marşrutu boyunca 72 km hissə təmizlənib, 62 km-dən çox borular düzülüb.

    “TAP Avropanın qaz bazarı üçün yüksək strateji layihədir. 2020-ci ildə “Şahdəniz-2” üzrə TAP-a təbii qaz nəql olunduqdan sonra bir neçə bazar qaz təchizatının təhlükəsizliyi və şaxələndirilməsindən faydalanacaq. Albaniya hökumətinə TAP-ın uğurla irəliləməsinə imkan verən güclü əməkdaşlığa görə minnədarıq”, - deyə o əlavə edib.

    Boru kəmərinin Albaniya ərazisindəki tikintisində indiyədək 1 700-dən çox işçi çalışıb, onların da təxminən 84%-i yerli əhalidir.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi