Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi çərçivəsində Durresdəki (Albaniya) əsas ayırıcı stansiyadan Korça istiqamətinə əsasən 18 metr uzunluğunda 4 900 polad borular nəql edilməyə başlanılıb.
“Report”un TAP-a istinadən verdiyi xəbərə görə, bu, boru kəmərinin şərq hissəsində 2017-ci ildə tikinti fəaliyyətinə başlamağa imkan verəcək.
Bu hissə təqribən 86,5 km olmaqla boru kəmərinin Albaniyanın quru ərazisindəki 215 km hissənin 40%-ni təşkil edir.
İndiyədək Albaniyada istifadə olunacaq 13 000 borunun 65%-i çatdırılıb. Təqribən 4 000 boru Fier ərazisinə, 300 boru Berat ərazisinə, 300 Korça iqtisamərində daşınıb.
TAP-ın podratçısı “Spiecapag” və onun tərəfdaşı, subpodratçı “Diamant shpk” bu prosesi həyata keçirir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edirlər.