Bakı. 8 avqust. REPORT.AZ/ “Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya ərazisindəki hissəsinin yarısı inşa edilib. İşlərin intensiv xarakter alacağı qarşıdakı iki ildə Albaniya iqtisadiyyatına 800 mln. avro pul yönəldiləcəyini gözləyirik”.
“Report”un Albaniya Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu TAP-ın Albaniya üzrə ölkə meneceri Şkölqim Bozqo (Shkëlqim Bozgo) deyib.
Ş.Bozqonun sözlərinə görə, TAP-a ümumilikdə 1,5 mlrd. avro investisiya qoyulacaq: “2016-cı ilin əvvəlindən işlər yekunlaşana qədər TAP-a 1,5 mlrd. avro investisiya yatırılması planlaşdırılır. 2017-ci və 2018-ci illər isə çox intensiv illər olacaq və hər il üçün layihəyə 400 mln. avro yatırılmasını gözləyirik”.
TAP rəsmisi deyib ki, bu, Albaniya ÜDM-nin 4%-i deməkdir. Həmçinin, 2 000-ə yaxın alban layihədə işlə təmin edilib: “Layihənin dəniz altındakı işlərinin başlanması 2018-ci ilin əvvəli üçün planlaşdırılır və bir neçə il davam edəcək. Texnoloji inkişafı nəzərə alınmaqla bu, ən asan hissəsidir. Bundan başqa, 2019-cu ildə kəmərin sınağı keçiriləcək”.
Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.