​TAP İtaliyada birliklər və qeyri-kommersiya təşkilatlarının layihələrinə 200 min avro ayıracaq

​TAP İtaliyada birliklər və qeyri-kommersiya təşkilatlarının layihələrinə 200 min avro ayıracaq Layihələr 2017-ci il ərzində həyata keçiriləcək
Energetika
8 İyul , 2016 11:34
​TAP İtaliyada birliklər və qeyri-kommersiya təşkilatlarının layihələrinə 200 min avro ayıracaq

Bakı. 8 iyul. REPORT.AZ/ "Trans-Adriatik Boru Kəməri (TAP) AG" birliklərin və qeyri-kommersiya təşkilatlarının layihələrini dəstəkləmək üçün 200 min avro ayıracaq.

"Report" TAP-ın saytına istinadən xəbər verir ki, bu, TAP-ın Melendunyoda (İtaliya) həyat səviyyəsinin mədəni, sosial və ətraf mühit layihələri vasitəsilə yüksəlməsinə yönəldilmiş ilk icma investisiya proqramıdır.

Bu təşəbbüs "TAP start" adlanır və layihə TAP-ın İtaliya üzrə ölkə meneceri Mikele Elia və konsaltinq şirkəti olan "Cles"in prezidenti Alessandro Leon tərəfindən birifinq zamanı təqdim olunub.

Melendunyo bələdiyyəsində qeydiyyatdan keçən birliklər və qeyri-kommersiya təşkilatları iyulun 15-dən sentyabrın 30-dək qəbul olunan layihələr üçün 25 min avroya qədər maliyyələşmə qazanır. Layihələr TAP-ın sosial sahə və ətraf mühit investisiyalarında olan 4 istiqamətdə - iqtisadi inkişaf, yaşayış keyfiyyəti, bacarıqların inkişafı yaxud da ətraf mühitin mühafizəsi üzrə olmalıdır.

Layihələr müstəqil ekspertlərdən ibarət komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər 2016-cı ilin sonunda elan olunacaq. Layihələr isə 2017-ci il ərzində həyata keçiriləcək.

TAP-ın məqsədi tikinti dövründə ildə iki dəfə qəbul edilməklə ümumi dəyəri 1,4 mln. avroluq əlavə elanlar etməkdir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi