TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub

TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub Yeni menecerin enerji sektorunda 20 ildən artıq təcrübəsi var
Energetika
26 İyul , 2017 17:39
TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub

Bakı. 26 iyul. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan üzrə ölkə meneceri dəyişib.

“Report”a TAP-dan verilən məlumata görə, Katerina Papalexandri Yunanıstan üzrə yeni menecer təyin edilib. O, sentyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

K.Papalexandri hazırkı menecer Rikard Skufiası əvəzləyib.

Yeni menecerin enerji sektorunda 20 ildən artıq təcrübəsi var. O, TAP-a BP-nin London ofisindən qatılıb. K.Papalexandri 1998-ci ildən BP şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2006-2012-ci illərdə BP-in Afinadakı ofisində Avropa və Afrika üzrə baş bazar məsləhətçisi, eyni zamanda Xəzər qazı üzrə biznes inkişaf etdiricisi vəzifəsində işləyib. Onun Cənub Qaz Dəhlizi layihəsi üzrə də təcrübəsi var. Belə ki, yeni menecer Xəzər qazı üzrə nəqliyyat meneceri və Cənub Qaz Dəhlizi üzrə strateji risk meneceri olaraq çalışıb.

2015-ci ilin noyabr ayında Cənub Qaz Dəhlizi üzrə baş kommersiya meneceri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi