Tanrıverdi Mustafayev: “Azərişığ"ın regional elektrik şəbəkələrində texniki itkilər 10%-ə endirilib"

Tanrıverdi Mustafayev: “Azərişığ"ın regional elektrik şəbəkələrində texniki itkilər 10%-ə endirilib" Bakı. 13 noyabr. REPORT.AZ/ 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək.
Energetika
13 Noyabr , 2018 11:51
Tanrıverdi Mustafayev: “Azərişığın regional elektrik şəbəkələrində texniki itkilər 10%-ə endirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ "2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək". 

Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə,  sözçüsü olduğu qurumun əsas missiyası abunəçiləri 24 saat ərzində keyfiyyətli elektrik enerjisiylə təchiz etməkdir: “Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik Şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır. 24 saat çağrı mərkəzi fəaliyyət göstərir və Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər”.

T.Mustafayev qeyd edib ki, ötən 12 ildə "Azərişığ”ın balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib: “Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. 2006-2018-ci illərdə 5 322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759 580 dayaq quraşdırılıb, 47 650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9 500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12 900 meqavoltamperə çatdırılacaq”.

"Azərişıq" rəsminin sözlərinə görə, Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb: “Elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 11035 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb, yeni 110; 35; 10; 60,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb. Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 11035 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 24 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 2 062 ədəd 10-6 kV-luq YS inşa edilib, 29 400 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. “Azərişıq” tərəfindən regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3 260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib, 17 725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. Bütün bunlar əsas verir ki, cari payız-qış mövsümü ərzində "Azərişığ"ın istehlakçılara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərdən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək”.

Son xəbərlər

Orphus sistemi