Yuxarı

​TANAP üçün keçirilən tenderə üç təklif daxil olub

Tenderdə ən aşağı təklif  4,087 mln dollar olub

Bakı. 13 iyul. REPORT.AZ/ BOTAŞ şirkətinin Trans-Anadolu Boru Kəməri (TANAP) çərçivəsində Əskişəhər qaz bağlantı xətti üçün elan etdiyi polad boru alınması üzrə tenderə 3 təklif daxil olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, BOTAŞ-ın baş idarəsində şirkətlər tərəfindən göndərilən texniki və maliyyə təklif zərfləri açılaraq araşdırılıb.

Tenderdə ən aşağı təklifi 4 mln. 87 min dollarla "Borusan Mannesmann Boru Sanayi ve Ticaret AŞ" verib.

Digər şirkətlərin təklifləri isə belədir: "Emek Boru Mak. San. ve Tic. AŞ" "Noksel Çelik Boru San. AŞ - Erciyas Çelik Boru San. AŞ. İş ortaklığı"- 4 mln. 153 min dollar, "Ümran Çelik Boru San. AŞ" -4 mln. 466 min dollar.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi