Yuxarı
    Bağlamaq

    TANAP üçün Hopa limanına bu il 492 ədəd boru gətirilib

    İndiyədək TANAP kəmərinin inşası üçün 2 603 ədəd boru gətirilib

    Bakı. 5 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya daşıyacaq Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində istifadə olunmaq üçün Hopa limanına 4 gəmi ilə ümumi çəkisi 4 492 ton olan 492 ədəd boru gətirilib.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə "Hopaport"un baş direktoru Meriç Burçin Özer bildirib.

    O qeyd edib ki, "Hopaport"a 2015-ci ildə 12 gəmi ilə ümumi çəkisi 19 746 ton olan 2 111 ədəd boru gətirilib. "Ümumilikdə isə TANAP üçün 2 603 ədəd boru gətirilib. Qarşıdakı aylarda da yeni-yeni gəmilərlə borular gətirilməyə davam edəcək. Limanın ərazisində saxlanılan borular Qarsdakı TANAP-ın tikinti sahələrinə quru yolu ilə daşınıb və daşınmağa davam etdirilir".

    Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən keçərək Ədirnə şəhərinin İpsala rayonunda başa çatacaq. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

    2015-ci ilin martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

    2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

    Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi