TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır

TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır Bu qrantlar TANAP-ın Sosial və Ətraf Mühit İnvestisiyaları Proqramı çərçivəsində ayrılacaq
Energetika
7 Avqust , 2017 12:22
TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır

Bakı. 7 avqust. REPORT.AZ/ Trans-Anadolu Boru Kəmərinin (TANAP) Əskişəhərdən (Türkiyə) keçən ərazilərdə dəyəri 1,5 mln. lirəyə qədər olan layihələrə qrant ayrılacaq. 

“Report” xəbər verir ki, bunu Əskişəhər Ticarət Evinin rəhbəri Metin Gülər deyib.

M.Gülərin sözlərinə görə, bu qrant TANAP-ın Sosial və Ətraf Mühit İnvestisiyaları Proqramı (SEİP) çərçivəsində ayrılacaq: “Əskişəhərdə olan qeyri-hökumət təşkilatlarına ən aşağı limiti 200 min, ən yuxarı limiti 1,5 mln. lirə olan layihələrin dəyərinin 95%-ə qədəri maliyyələşəcək. Sənəd qəbulu üçün son tarix 23 avqustdur. Bütün təşkilatları müraciət etməyə çağırıram. Düşünürəm ki, bu maliyyələşmədən Əskişəhər qazanacaq”.

TANAP həmçinin Türkiyənin Ardahan bölgəsinə ayrılmış vəsaitlər haqqında məlumat yayıb. Məlumata görə, bu il avqustun 4-də imzalanan protokola görə, adıçəkilən vilayətə 7,6 mln. lirə (4,5 mln. manat) vəsait ayrılıb. Bir il içində bu vəsaitlər sosial, iqtisadi və ətraf mühitlə bağlı layihələrə sərf olunacaq. Bu çərçivədə Ardahan bələdiyyəsi tərəfindən inşasına başlanan bərk tullantıların emalı və məhv edilməsi mərkəzi, həmçinin Ardahan Universitetinin nəzdindəki kampusda bağçanın inşası, kənd yollarının asfaltlanması işləri daxildir.

TANAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP-da Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.