TANAP konsorsiumu Türkiyəyə 13 təcili tibbi yardım maşını hədiyyə edəcək

TANAP konsorsiumu Türkiyəyə 13 təcili tibbi yardım maşını hədiyyə edəcək Bununla bağlı qonşu ölkənin Səhiyyə Nazirliyi ilə protokol imzalanıb
Energetika
16 Aprel , 2018 15:55
TANAP konsorsiumu Türkiyəyə 13 təcili tibbi yardım maşını hədiyyə edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Trans Anadolu Boru Kəməri (TANAP) konsorsiumu Sosial və Ətraf Mühitə İnvestisiya proqramları çərçivəsində Türkiyənin 10 vilayətini 13 təcili tibbi yardım avtomobili ilə təmin edəcək. 

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bununla bağlı konsorsiumla Türkiyənin Səhiyyə Nazirliyi arasında protokol imzalanıb.

Məlumata görə, həmin vilayətlər TANAP-ın keçəcəyi Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Bayburt, Gümüşhanə, Kırıkkale, Kırşehir və Yozqat vilayətləridir. Avtomobillər Nazirliyin Vilayət səhiyyə müdirliyinə hədiyyə ediləcək.

Məsələ ilə bağlı açıqlama verən TANAP-ın baş direktoru Saltuk Düzyol deyib ki, Türkiyədə insan sağlamlığının qorunmasına, səhiyyənin inkişafına dəstək verdikləri üçün məmnundur.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var.

Son xəbərlər

Orphus sistemi