TANAP-ın inşası sürətlə davam etdirilir

TANAP-ın inşası sürətlə davam etdirilir Türkiyənin Yozqat şəhərində inşaat işləri aparılır
Energetika
27 Yanvar , 2016 15:25
TANAP-ın inşası sürətlə davam etdirilir

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) Türkiyənin Yozqat şəhərində inşası sürətlə davam etdirilir. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, boru kəmərinin boruları Doğankənd inşaat sahəsinə daşınır və kəmərin keçəcəyi əraziyə döşənir. Bu inşaat sahəsində 300 nəfər çalışır.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən, 67 qəsəbədən keçir.

2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri (hazırkı prezident) Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni imzalayıblar. 2015-ci il martın 17-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km hissəsi Mərmərə dənizindən keçəcək. TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

Son xəbərlər

Orphus sistemi