Yuxarı

TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsinin 99 faizi tamamlanıb

TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsinin 99 faizi tamamlanıb

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Türkiyənin paytaxtı Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib. 

SOCAR-dan "Report"a verilən məlumata görə, iclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə Heyəti üzvlərinə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin, təqribən, 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə, təqribən, 80%-i həyata keçirilib. Ümumilikdə, layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. 

TANAP-ın İdarə Heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi, TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq, vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”. 

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə Azərbaycan 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi