Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu - Azərbaycanın 20 illik təcrübəsi - TƏHLİL

Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu - Azərbaycanın 20 illik təcrübəsi - TƏHLİL Tarix, missiya və məqsəd
Energetika
106
10 İyul , 2019 20:00

Tarix, missiya və məqsəd

Zəng neft-qaz ehtiyatlarına malik olan Azərbaycan onların satışından əldə etdiyi bütün gəlirləri bir anda xərcləyə bilməzdi. Həmin gəlirlər toplanmalı, səmərəli idarə edilməli və gələcək nəsillərə saxlanılmalı idi. Bu missiyanı Azərbaycan Dövlət Neft Fondu üzərinə götürdü. 

Fond sabiq prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Bundan düz 1 il sonra - 29 dekabr 2000-ci ildə dövlət başçısı imzaladığı növbəti fərmanla onun Əsasnaməsini təsdiq edib. Sənədə əsasən, ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

Fondun fəaliyyəti ölkə qarşısındakı üç əsas vəzifələrin həllinə yönəlib. Onlardan birincisi ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, ikincisi ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi və sonuncusu isə neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır.

Gəlirlər və Sosial layihələr

ARDNF fəaliyyət göstərdiyi 20 il ərzində 150 mlrd. ABŞ dollarına yaxın vəsait əldə edib. Təkcə 2018-ci ildə Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 433 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat təşkil edib. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olub.

Ötən il ARDNF-in 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 959 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılıb. 7,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 557,3 milyon manat təşkil edib.

2019-cu il yanvarın 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 7,56% artaraq 38 515,2 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri hesabına olub.

Rəsmi hesabatlara görə, 2018-ci il ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 9,720 mlrd. dollar daxil olub. Bu məbləğin 245 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il yanvarın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 138,206 mlrd. dollar gəlir əldə olunub.

ARDNF yaradıldıqdan sonra həyata keçirilən ölkə əhəmiyyətli sosial layihələrin icrası üçün əsas donora çevrildi. Məhz son 18 ildə Fondun vəsaitləri hesabına 30-a yaxın şəhər və rayonda məcburi köçkünlər üçün yüksəkmərtəbəli yaşayış binalarının və fərdi yaşayış evlərinin, həmçinin bir sıra sosial və mədəni infrastruktur obyektlərinin tikintisi reallaşıb.

Bu il yanvarın 1-nə olan məlumata görə, köçkünlərin sosial-iqtisadi rifahının və mənzil şəraitinin yaxşılaşdırılması üçün ümumilkdə ARDNF-dən 2 302 700 min manat civarında vəsait hesabına 71 qəsəbə, 230 yaşayış binası, 33 781 mənzil yaxud fərdi ev, 65 inzibati bina, 77 məktəb, 62 uşaq baxçası, 5 xəstəxana, 19 tibb məntəqəsi tikilib istifadəyə verilib.

Azərbaycanın EITI-dan çıxmasında rolu olan bəzi QHT-lər indi peşmandır

Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünü (EITI) siyasi qərarlar səbəbindən tərk edib: “ARDNF 2004-cü ildə EITI-a qoşuldu və bu illər ərzində ilk dəfə olaraq tamhüquqlu üzv kimi qəbul edildi. Azərbaycan həmçinin Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünün mükafatına layiq görüldü. 2017-ci ilə qədər Azərbaycan EITI-nin ən aparıcı dövlətlərindən biri idi. Bu dövrdə ən çox hesabat verən məhz ARDNF idi. Bilirsiniz ki, 2017-ci ildə Azərbaycan həmin Təşəbbüsdən çıxdığını elan etdi. Çünki həmin Təşəbbüsün qərarları artıq bir sıra hallarda siyasi xarakter almağa başlamışdı. Bir sıra hallarda EITI-nin məqsəd və vəzifələrindən kənaraçıxmalar var idi. Bəzi qüvvələr var idi ki, bu Təşəbbüsü Azərbaycana təzyiq üsuluna çevirməyə çalışırdı. Bütün bunlara görə, Azərbaycan EITI-dən çıxdığını elan etdi. Həmçinin bu prosesdə Azərbaycandan olan bəzi QHT-lərin də rolu oldu. Onlar yanlış məlumatlar verirdilər. Bu gün həmin QHT-lər bu hərəkətlərindən peşmandırlar. Buna baxmayaraq Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərində göstərilən prinsiplərin icrasına davam edirdi. Azərbaycan prezidentinin fərmanı ilə 2017-ci ilin aprelində Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası yaradıldı. Baxmayaraq ki, Azərbaycan EITI-dən çıxıb, amma hər il mütəmadi olaraq hesabatlar hazırlayır".

"Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyasının əsasnaməsinin özündə dəyişiklik edilməsi vacibdir və vətəndaş cəmiyyətinin özü də bu komissiyanın əsas üzvlərdən biri kimi tərkibinə daxil edilməlidir".

Əliməmməd Nuriyev

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev

"Eyni zamanda Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası vətəndaş cəmiyyəti üzvləri ilə yaxından işləyir və artıq bu proses dərinləşməyə doğru gedir. Hətta vətəndaş cəmiyyəti nümayəndələri Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyasının üzvləri ilə birlikdə onlar tərəfində hazırlanan hesabatın işçi qrupunda iştirak edirlər. Növbəti iclasda bu prosesin daha da funksionallığının artırılması ilə bağlı müzakirələr olacaq. Cəmiyyət təbii sərvətlərdən gələn gəlirlərin səmərəli xərclənməsi ilə bağlı məlumat əldə etməlidir. Şəxsən mən hesab edirəm ki, yaxın vaxtlarda Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası vətəndaş cəmiyyəti ilə memorandum imzalasın. Çoxtərəfli qrupun yaradılması istiqamətində addımlar atılır və bütövlükdə qəbul edilən qərarların qəbulunda və onların icrasında vətəndaş cəmiyyəti nümayəndələri tərəf olaraq iştirak etmək imkanı yaradılsın. Doğrudur bu proseslərdə vətəndaş cəmiyyəti aktiv iştirak edir və Komissiyanın sədri tərəfindən bizim fikirlərimiz diqqətlə dinlənilir və nəzərə alınır. Amma bu proseslərə institusional xarakter verilməsi və qərarların qəbulu prosesində iştirakın təmin edilməsi üçün müvafiq normativ aktlarda dəyişiklik edilməsi lazımdır. Biz hesab edirik ki, Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyasının əsasnaməsinin özündə dəyişiklik edilməsi vacibdir və vətəndaş cəmiyyətinin özü də bu komissiyanın əsas üzvlərdən biri kimi tərkibinə daxil edilməlidir. Eyni zamanda formalaşan işçi qruplarının özünə də hüquqi təminatlar olmalıdır”.

Asiya İnkişaf Bankı Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası üçün yeni sənəd hazırlayır

Qarşıda benefisiar sahibliklə bağlı məsələ var. Bununla bağlı Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası artıq öz sifarişini verib və Asiya İnkişaf Bankı (ADB) bununla bağlı mühüm bir sənəd hazırlayır. Bu sənədin hazırlanmasından sonra da Azərbaycan qanunvericiliyində də bir sıra dəyişikliklər baş verəcək. Düşünürəm ki, bu da Hasilat Sənayesi üzrə Şəffaflığın artırılmasına geniş töhfə verəcək. Bütün bunlar isə yenidən ona gətirib çıxaracaq ki, Azərbaycan yenidən EITI-yə üzvlük təşəbbüsü gerçəkləşsin. Hazırda da bu təşkilatda dəyişikliklər gedir, yeni standartlar qəbul olunur. Məhz siyasi proseslərdən uzaq mandatına uyğun fəaliyyət göstərməsi şübhəsiz ki, Azərbaycanın da gələcəkdə bura yenidən üzv olmasına baxıla bilər. Çünki Azərbaycan hər addımda Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünə sadiqliyini nümayiş etdirir.

ARDNF öz siyasətini necə qurur?

Fondun fəaliyyətini şərh edən müstəqil iqtisadçı ekspert Samir Əliyev deyir ki, ARDNF hazırda ölkədə heç bir devalvasiya təhlükəsi görmür: “Ötən ilin yanvar-may ayları ərzində ARDNF 3 mlrd. ABŞ dollarına yaxın valyuta satmışdısa, bu il bu rəqəm bir qədər azalaraq 2,6 mlrd. dollara düşüb. Əslində ARDNF-nin valyuta satışı daha çox onun büdcəyə transfertindən asılıdır. Nə qədər çox transfert nəzərdə tutulursa, Fond da bir o qədər çox vəsait çıxarır. Əgər bazarda valyuta ehtiyacı azdırsa bunu Azərbaycan Mərkəzi Bankı (AMB) almaq məcburiyyətində qalır. 2017-ci ildə ARDNF-dən dövlət büdcəsindən 6,1 mlrd. dollar transfert edilməsinə baxmayaraq 2018-ci ildə bu rəqəm 2 dəfəyə qədər artaraq 10,959 mln. dollar olub. 2019-cu ildə isə bu rəqəm 11,364 mln. dollar nəzərdə tutulub. Amma ilin sonuna bilinəcək ki, bu məbləğin artırılıb-azaldılmasına ehtiyac var, yoxsa yoxdur. Dediyim kimi Fond öz siyasətini bazarın tələbata uyğun deyil, dövlət büdcəsinə transfertə uyğun olaraq qurur. Əlbəttə hansısa böyük ehtiyac yaranarsa Neft Fondu əlavə transfertlər edə bilər. Necə ki, makroiqtisadi sabitlik çərçivəsində ilk yeganə hal olaraq AMB-yə əlavə vəsait ayırmışdı. Bu gün valyuta bazarında dollara tələbat elə də yüksək deyil. Çünki bazarda sabitlik var və neftin qiyməti 60 dollardan yüksəkdir. Bu gün mən bazarda devalvasiya üçün zəmin görmürəm. Ona görə də ARDNF-nin valyuta satışının həcmi hələ ki, vəziyyətlə bağlı hər hansı siqnal vermir”.

"Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin xəsisliklə iqtisadiyyata yönəldilməsinin tərəfdarıyam".

Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyev

Fonddan transfertlər azaldılmalıdır

S.Əliyev ARDNF-nin vəsaitlərinin banklara verilməsi ilə bağlı yayılan təkliflərə də aydınlıq gətirib. Ekspert hesab edir ki, bu heç də reallığı əks etdirmir: “Bu gün cəmiyyətdə də belə fikirlər səslənir ki, Neft Fondunun vəsaitlərini gətirib ucuz faizlərlə banklara verək. Bəlkə də bu gün ona ehtiyac var, amma çox da cəlbedici deyil. Açığı deyim ki, mən ən azı indiki dövrdə bunun tərəfdarı deyiləm. Ona görə tərəfdarı deyiləm ki, şəffaflıq olmayan bir cəmiyyətdə bu vəsaitlərin də səmərəli xərclənməsi sual altına düşə bilər. Bu vəsaitlər də gələcək və səmərəsiz xərclənəcək, nəticədə məlum olacaq ki, bizdə kredit faizləri düşmədi və insanlar kreditlərdən yararlanmadı. Ona görə də mən bugünkü gündə mən bunun tərəfdarı deyiləm. Bəlkə gələcəkdə yeni situasiya yarana bilər, onda bu barədə düşünmək olar. Həm də bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılıdır və onun çox böyük struktur islahatlarına ehtiyacı var. Məncə bu islahatlar aparılmadan bu vəsaitin iqtisadiyyata yönəldilməsinə yol vermək olmaz. Bu vəsaitlərin xəsisliklə iqtisadiyyata yönəldilməsinin tərəfdarıyam. ARDNF-dən dövlət büdcəsinə yönəldilən vəsaitlərin həcminin artması büdcə öhdəlikləri ilə bağlı olan məsələlərdir. Neft Fondunun dövlət büdcəsində payı 40%-dən yuxarıdır. Neftdən bağlılığı olan digər sahələri də saysaq Dövlət büdcəsinin neftdən asılılığı 70-75%-ə bərabərdir. Bu isə çox böyük rəqəmdir. Bizdə qeyri-neft sektorunun büdcə daxilolmalarında payı xeyli aşağıdır. Həmçinin hökumət qeyri-neft sektorunu inkişaf etdirmək üçün hökumət güzəştlər təklif edib. Bu güzəştlərin fonunda büdcə yığımları azalmalıdır. Bu boşluğu doldurmaq üçün Fonddan istifadə etmək olar, amma bu daimi olmamalıdır. Düşünürəm ki, bu asılılığını azaltmaq lazımdır. Həmçinin büdcənin xərclərinin artırılması siyasətinə ehtiyatla yanaşılmalıdır, fiskal siyasətdə konservativ yanaşma olmalıdır. Məhz bunun nəticəsidir ki, bu gün manat daim təhlükə altında qalır, ölkədə qiymətlər qalxır – inflyasiya yüksək olur”.

Ə.Nuriyev də bu ARDNF-dən transferlərin azaldılmasına tərəfdar olduğunu qeyd edir: “Hesab edirəm ki, ARDNF-dən transfertlərlə bağlı daha aydın və şəffaf siyasət olmalıdır. Hesab edirəm ki, burada strategiya daha aydın şəkildə müəyyən edilməlidir. Artan ehtiyaclar xərclərin də artmasına gətirib çıxara bilər. Amma elə optimal xərclər ayrılmalıdır ki, Fonddan dövlət büdcəsinə bundan daha artıq transfertlər olmasın”.

Yazı “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi