Bakı. 27 oktyabr. REPORT.AZ/ Gürcüstanın "Qazprom" şirkəti (Rusiya) ilə əlavə qaz almaq üçün danışıqlar aparmasının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə münasibətlərə təsiri yoxdur.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
"Mətbuatda da səsləndi və Kaxa Kaladze də bəyan etdi ki, münasibətlərdə problem yoxdur. Azərbaycan öz öhdəliklərini uğurla, yüksək səviyyədə yerinə yetirib və yerinə yetirəcək. Gürcüstan bazarının qazla təmin olunmasını bizim şirkət həyata keçirir. SOCAR müxtəlif qiymətlərdə olan Azərbaycan qazını təchiz edib və bu gün də təchiz edir. Burada heç bir problem yaranmayıb. Gürcüstanın "Qazprom"la danışıqlar aparması bu ölkənin şəxsi işidir və SOCAR-la münasibətə təsir etmir", - deyə S.Qasımov əlavə edib.