"STAR" zavodunun inşası bu ilin sonuna tamamlanacaq

"STAR" zavodunun inşası bu ilin sonuna tamamlanacaq 2018-ci ilin III rübünə qədər isə mexaniki sınaqlar aparılacaq
Energetika
3 Oktyabr , 2017 13:47
STAR zavodunun inşası bu ilin sonuna tamamlanacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" Neft Emalı Zavodunda işlərin 95%-i tamamlanıb.

“Report” xəbər verir ki, bunu “STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter zavod ərazisini ziyarət edən Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu (EPDK) rəhbəri Mustafa Yılmazın başçılıq etdiyi nümayəndə heyətinə bildirib.

O qeyd edib ki, zavodun inşası bu ilin sonuna tamamlanacaq. M.İlterin sözlərinə görə, inşaat işlərinin tamamlanmasından sonra 2018-ci ilin III rübünə qədər mexaniki sınaqlar aparılacaq. “Zavodun inşasında 3 min nəfər mühəndis olmaqla 14 ölkədən ümumilikdə 19 500 nəfər çalışır. “STAR” zavodu gələn ilin III rübündə fəaliyyətə başlayacaq. Zavodun fəaliyyəti ilə Türkiyənin neft məhsullarının idxalında ildə 1,5 mlrd. dollarlıq qənaət olacaq. Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olan zavodda ildə 10 mln. ton xam neft emal olunacaq. Zavod 1,6 mln. kubmetr saxlama gücünə malik olacaq. Burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton aşağı kükürdlü dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG və 1 mln. ton neft-kimya xam maddəsi istehal olunacaq”, - deyə M.İlter əlavə edib.

“SOCAR Turkey Enerji A.Ş”nin baş direktoru Zaur Qəhrəmanov nümayəndə heyətinə SOCAR-ın Türkiyədəki layihələri ilə bağlı məlumat verib.

Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi