“SOCAR AQŞ” və “Halliburton” əməkdaşlığa dair razılığa gəlib

“SOCAR AQŞ” və “Halliburton” əməkdaşlığa dair razılığa gəlib Bu gün “SOCAR AQŞ” və “Halliburton” şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Energetika
10 Fevral , 2020 11:39
“SOCAR AQŞ” və “Halliburton” əməkdaşlığa dair razılığa gəlib

Bu gün “SOCAR AQŞ” və “Halliburton” şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıb.

“Report”un “SOCAR-AQŞ”yə istinadən verdiyi məlumata görə, Baş direktor Ramin İsayev bildirib ki, "SOCAR AQŞ"nin dünya səviyyəli səriştəsini, zəngin təcrübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan “Halliburton” şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyəti genişləndirmək üçün strateji platformanın əsası qoyulub.

“Halliburton” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə Baş vitse-prezidenti Ahmed Kenavi qeyd edib ki,  bu əməkdaşlıq ölkənin yüksək texnoloji xidmətlərinin lokalizasiyası üzrə strategiyasına dəstək verəcək: "Biz inanırıq ki, "SOCAR AQŞ" ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaq".

Birgə müəssisə Bakıda yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək.

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma Şirkəti” tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

Hazırda “SOCAR AQŞ” Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən "Dayazsulu Günəşli”, “Qərbi Abşeron” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. Müəssisə həmçinin Türkiyədə ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində qazma işlərini uğurla icra etməkdədir. “SOCAR AQŞ” Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirib.

“SOCAR AQŞ” regionda API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. Şirkətdə 1200 əməkdaş çalışır, onların tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. SOCAR AQŞ 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub. Müəssisə “NEQSOL Holding”in tərkibinə daxildir, səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

1919-cu ildə qurulan “Halliburton” şirkəti dünyanın ən böyük neft sənayesi materiallarının və xidmətlərinin tədarükçülərindən biridir. 80-dən çox ölkədə 140 milləti təmsil edən 55.000 işçisi olan şirkət, müştərilərinə karbohidrogenlərin tapılması və geoloji məlumatların idarə edilməsindən tutmuş qazma əməliyyatları, layların qiymətləndirilməsi, quyuların layihələndirilməsi, tamamlanması və hasilatın optimallaşdırılmasına qədər dəyəri artırmağa kömək edir.

Son xəbərlər

Orphus sistemi