SOCAR Vyanada Böyük İpək Yolu ölkələrinin tədbirində iştirak edib

SOCAR Vyanada Böyük İpək Yolu ölkələrinin tədbirində iştirak edib Tədbir Avstriyanın nüfuzlu “Society” jurnalı tərəfindən təşkil olunub
Energetika
10 Dekabr , 2014 17:55
SOCAR Vyanada Böyük İpək Yolu ölkələrinin tədbirində iştirak edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Avstriyadakı nümayəndəliyi bu ölkənin geniş oxucu kütləsinə malik nüfuzlu “Society” jurnalının Yeni İl bayramı ərəfəsində Vyananın “İmperial” hotelində keçirdiyi qəbulda iştirak edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

"Böyük İpək Yolu üzərində yerləşən dövlətlərin uğurları" şüarı altında keçirilən tədbir Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Türkmənistan, Çin, Özbəkistan, İran və Tacikistan səfirliklərinin təşkilatçılığı ilə baş tutub. “Society” jurnalının naşiri və baş redaktoru Qertrud Tauxhammer SOCAR-ın göstərdiyi dəstəyi xüsusi vurğulayaraq, şirkətin nümayəndəliyi ilə faydalı və məqsədyönlü əməkdaşlıq etdiklərini bildirib.

Tədbirdə Azərbaycana həsr olunmuş stendlərdə ölkənin neft və qaz sənayesinin tarixinə dair vizual məlumatlar əks olunub, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış müxtəlif kitablar və materiallar təqdim edilib, iştirakçılara Azərbaycana dair bukletlər paylanıb. SOCAR-ın baş ofisinin dəstəyi ilə hazırlanmış Xocalı soyqırımı haqqında və “Azərbaycan - Odlar Yurdu” sənədli filmləri tədbir iştirakçılarına təqdim olunub.

Sonda avstriyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarı Tofiq Quliyevin əsərləri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi