Bakı. 10 iyul. REPORT.AZ/ Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və İNPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə şirkətin vitse-prezidentləri Xalik Məmmədov, Bəhram Hüseynov və Yaşar Lətifov, İNPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina, eləcə də bu proqramlara cəlb olunmuş gənc mütəxəssislər iştirak ediblər.
Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori qonaqları səmimi salamlayıb, Yaponiya və Azərbaycan əlaqələrinin daha da güclənməsində belə görüşlərin əhəmiyyətini vurğulayıb.
SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov isə 2016-cı ilin aprel-iyun aylarında Tokio şəhərində SOCAR-ın gənc mütəxəssisləri üçün layların işlənməsi ilə bağlı təşkil edilmiş texniki təlim proqramı haqqında danışıb, kursların keçirilməsinə dəstək olmuş İNPEX şirkətinə təşəkkürünü bildirib. O deyib ki, təlim müddətində Yaponiyanın zəngin mədəni irsi nümayiş etdirilib, maraqlı ekskursiyalar təşkil olunub. 2017-ci ilin avqust-oktyabr aylarında da SOCAR-ın daha 4 gənc mütəxəssisi üçün bu cür təlimlərin təşkili nəzərdə tutulur.
Tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov və Yaşar Lətifov, İNPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina iki şirkət arasında yaranmış əlaqələrdən, həyata keçirilən bilik mübadiləsindən məmnunluq ifadə edib, əməkdaşlığın davamlı olacağına inandıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.

