SOCAR və “Uzbekneftegaz” arasında memorandum imzalanıb

SOCAR və “Uzbekneftegaz” arasında memorandum imzalanıb SOCAR-ın prezidenti Daşkənddə görüşlər keçirib
Energetika
18 May , 2016 16:52
SOCAR və “Uzbekneftegaz” arasında memorandum imzalanıb

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə XX Özbəkistan Neft-Qaz Sərgi-Konfransının açılışında iştirak edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, 26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunub. Şirkətin prezidenti R.Abdullayev sərgi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. Tədbirdə iştirak edən Bolqarıstanın baş naziri Boyko Borisovla görüşdə Daşkəndə Salonikidən gəldiyini bildirən R.Abdullayev Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasına başlanmasının "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında mühüm addım olduğunu söyləyib. B.Borisov da TAP layihəsinin əhəmiyyətini vurğulayaraq, səhmdarlara, o cümlədən SOCAR-a uğurlar arzulayıb. 

Özbəkistan baş nazirinin birinci müavini Gülomjon İbrahimov və “Uzbekneftegaz” Milli Holdinqinin İdarə Heyətinin sədri Əlişer Sultanovla keçirilən görüşlərdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub, enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivləri, habelə tərəfləri maraqlandıran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Özbəkistan nümayəndələri ilə görüşlər zamanı SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə istəklərini bəyan edib və bu istiqamətdə konkret fəaliyyət məsələlərini nəzərdən keçiriblər.

Səfər çərçivəsində SOCAR prezidenti R.Abdullayev və “Uzbekneftegaz”ın sədri Əlişer Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd şirkətlər arasında neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və enerji sektorunun inkişafı üzrə digər potensial əməkdaşlıq sferalarını əhatə edir.

Son xəbərlər

Orphus sistemi