Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Finlandiyanın “Lamor” şirkəti İdarə Heyətinin üzvü, "Lamor Turkey” şirkətinin baş direktoru Metyu Brayzanı və şirkətin digər nümayəndələrini qəbul edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşün məqsədi SOCAR və “Lamor” şirkəti arasında birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübədən yararlanaraq, Azərbaycanda neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi olub.
R.Hüseynzadə SOCAR-ın indiyədək bu sahədə mühüm işlər gördüyünü və neft dağılmalarının qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb. Görüş zamanı SOCAR və “Lamor” arasında birgə əməkdaşlıq çərçivəsində gələcəkdə yarana biləcək digər ekoloji məsələlər də müzakirə edilib.
M.Brayza öz adından və “Lamor” şirkəti adından görüşün təşkilinə görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirib.