Yuxarı

​SOCAR və "KBR" Azərbaycanda yeni birgə mühəndislik müəssisəsi yaradır

Baş ofisi Bakıda yerləşəcək yeni müəssisə Azərbaycanda dünya standartlarına uyğun müxtəlif layihələr həyata keçirəcək

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün "KBR" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında sazişin imzalanma mərasimi keçirilib. 

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və KBR şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredi imzalayıb.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, yaradılan yeni müştərək müəssisə ən müasir dünya standartları səviyyəsində fəaliyyət göstərəcək və yaxşı bir əməkdaşlıq nümunəsi olacaq.

Qeyd olunub ki, geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə) və tikinti xidmətləri təmin etmək məqsədilə yaradılan yeni müəssisə öz fəaliyyətində SOCAR-ın zəngin tarixə malik qabaqcıl təcrübəsindən və "KBR" şirkətinin bilik və peşəkarlığından yararlanacaq. Baş ofisi Bakıda yerləşəcək yeni müəssisə Azərbaycan Respublikasında dünya standartlarına uyğun müxtəlif layihələr həyata keçirəcək.

"KBR" şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredi bildirib ki, mühəndislik şirkətinə əsas etibarilə yüksək potensiala, bilik və bacarığa malik azərbaycanlı mütəxəssislər cəlb olunacaq. Davamlı şəkildə təlim və tədris proqramları həyata keçiriləcək, şirkət öz təcrübəsini, sistemlərini, proses və prosedurlarını yeni yaradılmış müəssisədə tətbiq edəcək. SOCAR və "KBR" şirkətləri qüvvələrini birləşdirməklə müəssisənin Azərbaycandakı sifarişçilərə mükəmməl xidmət göstərməsinə əlverişli zəmin yaradacaq.

Xatırladaq ki, baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Artıq iki əsrdir ki, bu şirkət öz əməliyyatlarını bütün dünyada uğurla davam etdirir. Ötən dövr ərzində enerji, karbohidrogen, elektrik enerjisi, sənaye və mülki infrastruktur, minerallar, dövlət orqanları və kommersiya sektorlarının qabaqcıl təminatçılarından birinə çevrilmiş KBR şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın Pay Bölgüsü Sazişləri üzrə xidmət göstərir. KB” şirkəti indiyədək 600-dən artıq azərbaycanlı kadrı işlə təmin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi