SOCAR və BP müqavilə imzalayıb

SOCAR və BP müqavilə imzalayıb Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin sifarişi ilə peşəkar fəhlə kadrların hazırlanması bu il də davam edəcək
Energetika
8 Yanvar , 2016 18:06
SOCAR və BP müqavilə imzalayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində "BP Exploration (Caspian Sea) Ltd." şirkəti ilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində (QRTM) 10 ay müddətində texniki peşə ixtisasları üzrə fəhlə kadrların hazırlanması proqramı çərçivəsində Qaradağ rayonunun 40 gənc sakininə təlim keçirilməsi üzrə SOCAR ilə BP şirkəti arasında mövcud Sazişin II fazası olaraq Müqaviləyə əlavənin imzalanması mərasimi keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədi SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Layihənin II fazası çərçivəsində 2016-cı il 31 dekabra qədər Qaradağ rayonunun sakini olan 40 nəfər gənc üçün 10 aylıq fəhlə kadrlarının hazırlanması proqramı daxilində peşə təlimi xidmətlərinin yerinə yetirilməsi nəzərdə tutulur. BP-nin Davamlı İnkişaf Təşəbbüsləri layihəsi çərçivəsində keçirilən bu proqrama əsasən, texnoloji qurğuların operatoru ixtisası üzrə 13, təmirçi çilingər ixtisası üzrə 13, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 gənc QRTM-də təhsilə cəlb olunacaq.

Layihənin məqsədi 6 inzibati binadan və qaynaq emalatxanasından ibarət QRTM-də müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə 3 peşə ixtisası üzrə nəzəri və praktiki bilikləri tədris etmək, habelə SOCAR-ın müəssisələrində həmin gənclərə istehsalat təcrübəsini aşılamaq və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verməkdir.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov şirkətin genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirdiyini, yüksək ixtisaslı fəhlə kadrların hazırlanmasını daim diqqət mərkəzində saxladığını bildirib. O qeyd edib ki, əvvəlki illərdə layihə çərçivəsində təlim-tədris prosesi yüksək səviyyədə təşkil olunmub və istehsalata ixtisaslı peşəkar fəhlə kadrlar göndərilib.

“BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli SOCAR-ın təlim mərkəzinin təlim və tədris imkanlarını yüksək dəyərləndirib və kadr hazırlığı üzrə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi