Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti bir neçə ay bundan əvvəl İrpen şəhərindəki 12 nömrəli orta məktəbi tamamilə bərpa edib.
Bu barədə “Report”a törəmə şirkətdən bildirilib.
Şirkətin SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlovun sözlərinə görə, artıq məktəb qapılarını şagirdlərin üzünə açıb: “Məktəbin indi yeni dam örtüyü, pəncərələri, vitrajları, fasadı, sinif otaqları və kabinetləri var. Həmçinin partlayışdan ən çox zərər çəkmiş idman zalı, bomba sığınacağında quraşdırılmış vanna otaqları da yenilənib.
"Uşaqlara doğma məktəblərində oxumaq fürsətini geri qaytarmaq SOCAR üçün böyük sevincdir. Bizim üçün Ukraynaya və ukraynalılara istənilən vaxt dəstək olmaq şərəf məsələsidir və xüsusən indi, bu qədər dağıntıların olduğu və çoxlu insanların köməyə ehtiyacı olduğu bir vaxtda”.
İrpen şəhərinin meri Oleksandr Markuşin “SOCAR Energy Ukraine”a məktəbin bərpasında iştirak etdiklərinə görə minnətdarlıq edib. O bildirib ki, artıq uşaqların yeni dərs ilinə gözəl, təmir edilmiş binada başlamaq imkanları var.
İrpen İnvestisiya Şurasının rəhbəri Volodimir Karplyuk isə əlavə edib ki, İrpin hələ 2014-cü ildə SOCAR şirkəti ilə əməkdaşlığa başlayıb: “Həmin vaxtdan bəri şirkətin Ukrayna menecmenti səmərəli dövlət-özəl tərəfdaşlıq və möhkəm Ukrayna-Azərbaycan dostluğu nümunəsi göstərib. Əminəm ki, bu, böyük əməkdaşlıq tarixinin yalnız başlanğıcıdır”.
“SOCAR Energy Ukraine” 2008-ci ildə yaradılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksi fəaliyyət göstərir. Həmçinin Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.