Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu "SOCAR Energy Ukraine" mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün yeni şirkəti qeydiyyatdan keçirib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, "SOCAR LPG" adlı şirkət Çerkasıda qeydiyyatdan keçib.
Şirkətə Yekaterina Tamrazova rəhbər təyin olunub. O bildirib ki, yeni qurumun yaradılması SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsi ilə əlaqədardır.
Y.Tamrazova avqustun 1-dən vəzifəsini icra edir. Bundan öncə o, "SOCAR Ukraine" şirkətinin strukturunda mayeləşdirilmiş qaz istiqamətinə nəzarət edib.
Qeyd edək ki, "SOCAR LPG"-nin təsisçiləri rolunda Qalitsk Yanacaq Şirkəti və "SOCAR Ukraine" çıxış edir. Yeni şirkət "Ukrqazdobıça"nın avqustun 4-də keçirdiyi sonuncu hərracda debüt edib. Hərracda SOCAR 42 ton mayeləşdirilmiş qaz alıb.
