Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aşqabadda keçirilmiş “Türkmənistan neft-qazı 2015” XX Beynəlxalq sərgi-konfransında ayrıca pavilyonla təmsil olunub.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransa Amerika, Avropa, Asiya, Yaxın Şərq və MDB-nin 50-yə yaxın ölkəsindən 600 nümayəndə və 80-dən artıq şirkət qatılıb. Sərgi-konfransın açılış mərasimində Türkmənistan baş nazirinin müavini Yaxşıgəldi Kakayev və onu müşayiət edən şəxslər SOCAR-ın pavilyonunda olub, onlara Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində əldə edilən uğurlar və nailiyyətlər barədə ətraflı məlumat verilib, SOCAR-ın imkanlarını əks etdirən eksponatlar nümayiş etdirilib. Y.Kakayev Azərbaycan və SOCAR-ın uğurlarını maraqla izlədiklərini söyləyib, xoş arzularını bildirib.
Sərgi müddətində SOCAR pavilyonunda ziyarətçilərə jurnal-bülleten, reklam xarakterli suvenirlər təqdim edilib.