Yuxarı

"SOCAR Turkey" bəzi işçilərin vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Bu məsələ qətiyyən başqa formada şərh olunmamalıdır

Bakı. 28 iyul. REPORT.AZ/ "SOCAR Turkey" bəzi KİV-də şirkətdə bir sıra şəxslərin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Şirkətdən “Report”a bildirilib ki, "SOCAR Turkey"də baş verən kadr islahatlarının qardaş ölkədə dövlət çevrilişinə cəhdin ardınca başlanan işdən çıxarılmalar və həbslərlə heç bir əlaqəsi yoxdur.

“Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi qardaş ölkəyə dəstəyini ifadə edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayev “Anadolu” agentliyinə müsahibəsində şirkətin Türkiyəyə güvəninin tam olduğunu, bu ölkədəki bütün yatırımlar və layihələrin tam sürəti ilə davam etdiriləcəyini vurğulamışdı. Rövnəq Abdullayev qeyd edib ki, SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 milyard dollardan çox olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə, bütün sürəti ilə davam etdirəcək, Türkiyədə özəl sektorun inşa etdiyi ilk neft emalı zavodu olan "STAR" da 2018-ci ildə tamamlanaraq istehsala başlayacaq”, - deyə "SOCAR Turkey"dən bildirilib.

Həmçinin qeyd olunub ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey"in İdarə Heyətinin sədri Vaqif Əliyev də “Anadolu” agentliyinə açıqlamasında təmsil etdiyi şirkətin Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyini bildirib: “Vaqif Əliyev qeyd edib ki, logistika sahəsində də Egey bölgəsinin ən böyük konteyner limanı SOCAR tərəfindən çox qısa müddət ərzində istifadəyə veriləcək. Vaqif Əliyev bəyan edib ki, şirkətin Türkiyənin yeganə neft-kimya istehsalçısının "Petkim"dəki fəaliyyəti də qardaş ölkəyə və onun iqtisadiyyatına etibarın simvoludur. Ümumilikdə, SOCAR rəsmiləri öz bəyanatlarında vurğulayıblar ki, hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbuledilməzdir. Şirkət rəsmiləri Türkiyə Respublikası hökuməti və milləti ilə birlik və bərabərlik içində dost və qardaş ölkənin daha böyük uğurlara çatacağına ürəkdən inandıqlarını vurğulayıblar”.

"SOCAR Turkey" KİV-də şirkətin ixtisarlar aparmasının səbəbləri ilə bağlı dərc edilən xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bildiyiniz kimi, bu ilin aprel ayında "SOCAR Turkey" rəhbərliyində dəyişiklik baş verib. Təbii ki, "SOCAR Turkey"in yeni rəhbərliyi tərəfindən şirkətin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə işçi heyətdə müəyyən dəyişikliklərin edilməsi gözləniləndir. Bu məsələ qətiyyən başqa formada şərh olunmamalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi