Yuxarı
    Bağlamaq

    ​"SOCAR Turkey Energy"yə yeni baş direktor təyin olunub

    Bu vəzifədə Kənan Yavuzu Zaur Qəhrəmanov əvəz edib

    Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov "SOCAR Turkey Energy" şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə "SOCAR Turkey Energy"nin baş direktoru təyin edilib. Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən "Petkim Holding" və "SOCAR Turkey Energy"nin baş icraçı direktoru (CEO) olan və tutduğu postdan istefa verən Kənan Yavuzu əvəz edib.

    "SOCAR Turkey Energy"dən "Report"a bildirilib ki, İdarə Heyətinin sədri Vaqif Əliyev K.Yavuza "SOCAR Turkey Energy" şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzulayıb: "Kənan Yavuz fəaliyyəti ərzində "SOCAR Turkey" şirkətinə xidmət edib, onun rəhbərliyi altında şirkət önəmli uğurlara imza atıb. O, CEO fəaliyyəti ərzində həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılması, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz şirkətlər qrupumuzdakı İdarə Heyətinin üzvlüyünü davam etdirəcək".

    V.Əliyev Z.Qəhrəmanovun 8 ildən artıq müddətdə SOCAR tərkibində çox önəmli vəzifələr icra etdiyini xatırladaraq, onun beynəlxalq rəqabətçiliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsinə ciddi töhfələr verərək tutduğu vəzifələri uğurla icra etdiyini vurğulayıb. 

    "Ona yeni baş direktorluq vəzifəsində uğurlar arzu edirəm. Əminəm ki, "SOCAR Turkey" şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı gücünə əlavə dəyər qatacaq", - deyə İdarə Heyətinin sədri vurğulayıb.

    Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olan Z.Qəhrəmanov "The University of Chicago Booth Scool of Business"də MBA dərəcəsini tamamlayıb.

    Fəaliyyətinə KPMG şirkətində vergi mütəxəssisi olaraq başlayan Z.Qəhrəmanov "Ernst&Young" reytinq agentliyində baş nəzarətçi, "Statoil" şirkətində bir müddət hüquq və vergi məsləhətçisi, maliyyə analitiki vəzifələrində çalışıb.

    2008-cı ildən etibarən "SOCAR Trading S.A" baş maliyyə qrupuna qatılan Z.Qəhrəmanov 2013-cü ildən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, eyni zamanda "SOCAR Energy Switzerland", Trans-Adriatik Boru Kəməri (TAP) və "Neftçi" Futbol Klubu İdarə Heyətinin üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi