Yuxarı
    Bağlamaq

    "SOCAR Trading" daha çox LNG layihələrində iştirak etmək niyyətindədir

    Baş icraçı direktor Arzu Əzimov: Şirkətin yalnız LNG ticarəti ilə məşğul olmaq ambisiyası yoxdur

    Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” qarşıdakı illərdə dünyanın digər ölkələrində də Maltadakı "LNG-to-Power" (Liquified Natural Gas, mayeləşdirilmiş qaz elektrik enerjisinə) layihəsi kimi oxşar layihələr üçün razılıq əldə etməyi planlaşdırır.

    “Report” “S&P Global Platts”a istinadən xəbər verir ki, bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib.

    O qeyd edib ki, LNG-nin ənənəvi tədarük və satış modellərindən keçid edərkən, “SOCAR Trading” əsasən tərəfdaşları ilə inkişaf etməkdə olan ölkələrdə onların elektrik enerjisi ehtiyacını LNG və buna bağlı elektrik stansiyaları ilə təmin etməyə kömək edə bilər: “LNG üçün istehlak layihəsi yaratmaq bir fürsət idi. Biz bu sahədə özümüzü pioner olaraq görürük”.

    A.Əzimov qeyd edib ki, Maltadakı “LNG-to-Power” layihəsi gələcək, xüsusilə də Afrika və Asiyanın böyüyən iqtisadiyyatları üçün nümunə ola bilər: “Biz istənilən yerdə imkanlara baxmağa hazırıq. Bütün lazımi səyləri göstərir və elektrik stansiyalarını inşa, yaxud da modernizasiya etmək istəyən tərəfdaşlar axtarırıq. Malta layihəsi bir çox texnoloji yenilikləri ilə çox mürəkkəb layihə idi. Bu prosesdə çox şey öyrəndik”.

    Şirkət rəhbəri bildirib ki, müxtəlif layihələrin fərqli ölkələrdə müxtəlif həllərə ehtiyacı olacaq: “Bu, heç vaxt tamamilə eyni olmur. Bu, böyük bir layihənin bir hissəsi, yaxud da sadəcə üzən LNG saxlama layihəsi ola bilər. Bəziləri elektrik stansiyası, LNG müqaviləsi və zəmanət verilmiş təchizat olan tamamilə inteqrasiya olunmuş layihəyə razılaşmaq istəyir”.

    A.Əzimov qeyd edib ki, bəzi ərazilərdə elektrik stansiyaları mövcuddur, amma kifayət qədər qaz yoxdur. O bildirib ki, “SOCAR Trading” onları LNG ilə təmin edə bilər.

    Qeyd edək ki, Delimara qaz və elektrik enerjisi layihəsi bu sahədə “SOCAR Trading”in cəlb olunduğu ilk layihədir. Bu layihədə “SOCAR Trading” LNG təchizatçısı və “ElektroGas Malta” beynəlxalq konsorsiumunda 33% pay sahibi kimi çıxış edir. “SOCAR Trading” ilk LNG partiyasını bu ilin yanvar ayında Maltaya çatdırıb.

    A.Əzimov bildirib ki, təmsil etdiyi şirkət çevik və rəqabətə tab gətirəndir: “Biz hər zaman bazardan ən ucuz LNG-ni ala bilərik".

    O qeyd edib ki, “SOCAR Trading” gələcəkdəki “LNG-elektrik stansiyasına” layihələrindən söhbət gedəndə təkliflərə açıq olub: “Biz hər hansı mövcud şəbəkədən yaxud da boru kəməri nəqlindən təcrid olunmuş, və ya çox regionlaşdırılmış istehlak olan ərazilərdə LNG yaxud da qazla işləyən elektrik enerjisi layihələrinə baxa bilərik. İnkişaf etməkdə olan ölkələrdə daha "yaşıl elektrik" təchizatı priorotetə çevrilir, beləliklə, bu ölkələr bizim strategiyamıza uyğundur”.

    Onun sözlərinə görə, LNG təchizatçılarının əksəriyyətinin uzunmüddətli müqavilələrlə bağlı öz istehsalı var: ”Lakin biz çevikik və buna görə də daim rəqabətqabiliyyətli olacağıq”.

    A.Əzimov “SOCAR Trading”in iştirak etdiyi Kot d`İvuardakı layihədən də danışaraq qeyd edib edib ki, şirkət payına uyğun olaraq terminala LNG təchizatından məsul olacaq. O bildirib ki, daha çox layihələrə cəlb olunmaqla şirkətin LNG portfeli daha çox olacaq.

    Qeyd edək ki, ötən ilin noyabr ayında “SOCAR Trading" mayeləşdirilmiş təbii qazın idxalı məqsədilə terminal tikintisi üçün Fransanın "Total" neft-qaz şirkəti və Kot d`İvuar Dövlət Neft Şirkəti tərəfindən yaradılmış yeni konsorsiumda 26% pay əldə edib. Layihədə eyni zamanda “Total” (34%), “PetroCI” (11%), “CI Energies” (5%), “Shell” (13%), “Golar” (6%) və “Endeavor Energy” (5%) paya malikdir. Layihənin 2018-ci ilin sonunda fəaliyyətə başlamsı gözlənilir.

    A.Əzimov həmçinin qeyd edib ki, şirkətin hazırda müxtəlif mərhələlərdə olan layihələri var. O bildirib ki, 100% dövlətə məxsus olmağın da üstünlükləri olur: “Bizim belə güclü olmağımızın bir hissəsi də tamamilə dövlətə məxsus olmaqdır ki, bu da müəyyən vəziyyətlərdə xeyrimizə olur. Bəzi ölkələr üçün qaz idxalı mənbələrini və yaxud elektrik stansiyaları seçimlərini şaxələndirmək məqsədi siyasi xarakterlidir. Onlar bunu daha çox siyasi rıçaq kimi istifadə edir, nəinki sırf kommersiya məqsədilə. Bəziləri siyasi məsələlərlə qarşılaşır və alternativ həll yolları axtarır. Digər ölkələrdə isə razılaşmalar sırf kommersiya xarakterlidir".

    “SOCAR Trading” rəhbəri əlavə edib ki, şirkətin yalnız LNG ticarəti ilə məşğul olmaq ambisiyası yoxdur.“Biz yalnızca LNG ticarətində fayda görmürük. SOCAR LNG-nin istehsalçısı və istehlakçısı deyil, buna görə LNG ticarəti bizim prioritetimiz olmayıb. Bununla belə, portfelimiz böyüdükcə “Electrogas” kimi layihələrdə daha çevik olacağıq. Müxtəlif layihələrdə portfelimiz olduqca, LNG ticarətinin gələcək inkişafına baxırıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi