"SOCAR Tower" Amerika Mühəndislik Şirkətləri Şurasının mükafatına layiq görülüb

"SOCAR Tower" Amerika Mühəndislik Şirkətləri Şurasının mükafatına layiq görülüb Bu, mühəndislik işində müstəsna nailiyyət əldə olunmasını nümayiş etdirən nüfuzlu mükafatlardandır
Energetika
82
23 Fevral , 2017 15:16
SOCAR Tower Amerika Mühəndislik Şirkətləri Şurasının mükafatına layiq görülüb

Bakı. 23 fevral. REPORT.AZ/ SOCAR-ın yeni inzibati binası - "SOCAR Tower" layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində “Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülüb. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu, mühəndislik işində müstəsna nailiyyət əldə olunmasını nümayiş etdirən nüfuzlu mükafatlardandır.

Qeyd edək ki, mükafatın rəsmi təqdimetmə mərasimi 2017-ci il aprelin 25-də Vaşinqtonda "Washington Marriott Wardman Park" hotelində keçiriləcək. "SOCAR Tower" layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olunublar. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin yubiley tədbirində "SOCAR Tower" layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcək.

Xatırladaq ki, SOCAR-ın yeni inzabati binası - "SOCAR Tower" Koreyanın “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “Külək-Alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.